Fikrət Sadıqov: “Hesab edirəm ki, bu, ölkəmizin Cənubi Qafqazda mühüm rola malik olduğunu bir daha göstərdi”
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev bir sıra ikitərəfli görüşlər keçirib. Sözügedən ikitərəfli görüşlərdən biri də NATO-nun baş katibi ilə keçirilib. Belə ki, Prezident İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahına gəlib. Tərəflər arasında bir sıra məsələlər müzakirə edilib.
Bundan başqa, İlham Əliyev Brüsseldə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Görüşdə prezidentlər qarşılıqlı maraq kəsb edən ikitərəfli münasibətlər və məsələlər üzrə fikir mübadiləsi aparıblar.
İlham Əliyev bildirib ki, Ukrayna prezidenti P.Poroşenkonun Azərbaycana səfərindən sonra müxtəlif istiqamətlərdə əməkdaşlıq həyata keçirilir və artıq yaxşı nəticələr əldə edilib. Ukrayna dövlətinin başçısının Bakıya səfəri zamanı siyasi, iqtisadi, energetika, nəqliyyat sahələrində, beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub. Dövlət başçısı ticarət dövriyyəsinin genişləndirilməsi üçün lazımi addımlar atılacağına ümidvar olduğunu bildirib və qeyd edib ki, bunun üçün yaxşı potensial mövcuddur.
Prezident P.Poroşenko həmin görüşlər zamanı əldə edilən razılaşmaların reallaşdırılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycanın Ukraynaya ixracının artmasını iqtisadi əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.
Bütövlükdə, Brüssel səfəri zamanı Prezidentin keçirdiyi bir sıra ikitərəfli görüşlərin Azərbaycan üçün nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, keçirilən ikitərəfli görüşlərin Azərbaycan üçün əhəmiyyəti var: “Prezident İlham Əliyev NATO-nun baş katibi ilə görüşərkən birmənalı və prinsipial mövqe ortaya qoydu. Dağlıq Qarabağla bağlı bir sıra bəyanatlar verdi. Torpaqların hələ də işğal altında qalmasına, məcburi köçkünlərin öz torpaqlarına qayıda bilməməsinə və digər məsələlərə ətraflı toxundu. Eyni zamanda, işarə etdi ki, biz NATO ilə müxtəlif sahələrdə əməkdaşlıq edirik. Azərbaycan Əfqanıstanla bağlı tranzit gediş-gəlişə dəstək verir, sülhməramlılarımız orada iştirak edir, hərbi plan çərçivəsində də əməkdaşlığımız inkişafdadır və s. Düzdür, NATO Dağlıq Qarabağ məsələsində müəyyən məsafə saxlayır. Bəyan edir ki, bu işlə ATƏT-in Minsk Qrupu məşğul olur. Ancaq NATO-nun baş katibi ilə keçirilən ikitərəfli görüş bir daha göstərdi ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmasa, o zaman təhlükəsizlik haqqında danışmaq mümkün deyil. Bu, regionun təhlükəsizliyi üçün böyük təhdiddir. Əslində, bu, NATO üzvləri üçün açıq mesaj idi. Hesab edirəm ki, bu görüş Azərbaycanın Cənubi Qafqazda mühüm rola malik olduğunu bir daha göstərdi. Bundan sonra da Azərbaycanın NATO ilə əməkdaşlığı davam edəcək. Prezident İlham Əliyevin Ukrayna dövlət başçısı P.Poroşenko ilə keçirdiyi ikitərəfli görüşü də yüksək qiymətləndirirəm. Bununla biz yenidən təsdiq etdik ki, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq. Hətta biz beynəlxalq təşkilatlarda da Ukrayna ilə bağlı müzakirələr keçiriləndə adıçəkilən ölkənin ərazi bütövlüyünün tanınmasına səs veririk. Bu, özü-özlüyündə bir faktdır. Ukrayna ilə Azərbaycanın münasibətləri müxtəlif səviyyələrdə, o cümlədən hərbi-texniki sahədə yaxşıdır. Düşünürəm ki, dövlət başçıları arasında baş verən görüş münasibətləri bundan sonra daha yüksək səviyyəyə çatdıracaq. Prezident İlham Əliyevin Brüsseldə keçirdiyi bir sıra ikitərəfli görüşlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu, Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin daha da güclənməsinə xidmət edəcək”.
Vidadi ORDAHALLI