Məhəmməd Əsədullazadə: “Bu təşkilatla regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə əməkdaşlıq yüksək səviyyədədir”
Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə ən böyük təhdiddir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun mənzil-qərargahında Alyansın baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə geniş toxunub.
Dövlət başçısı NATO-nun baş katibi Y.Stoltenberqlə regional təhlükəsizlik məsələlərini müzakirə etdiyini vurğulayıb. Prezident bildirib ki, regional təhlükəsizliyə ən böyük təhdid Ermənistanla Azərbaycan arasında həll olunmamış münaqişədir: “Bizim ərazilərimiz işğal altında qalır. Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib və təəssüf ki, vəziyyət dəyişmir”.
Prezident qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişdirilməli olduğu barədə bəyanatlarına baxmayaraq, Ermənistan status-kvonu uzun müddət saxlamaq istəyir.
İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrini də xatırladıb: “Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələri yerinə yetirmir”.
Dövlət başçısı bildirib ki, münaqişənin həlli BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Azərbaycanın ərazi bütövlüyünə əsaslanmalıdır: “Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır”. Bütün bunlarla yanaşı, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, Avropa İttifaqının müvafiq sənədlərində də ölkəmizin ərazi bütövlüyü dəstəklənir.
Bütövlükdə, NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi siyasəti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində və həllində nə kimi rol oynaya bilər?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Prezident İlham Əliyevin Büresseldə NATO baş katibi Y.Stoltenberqlə görüşü NATO ilə Azərbaycan arasında artan əməkdaşlığın bariz nümunəsidir. Azərbaycan Əfqanıstanda NATO-nun sülhyaratma missiyasında və logistik dəstəyində mühüm rol oynayır. Ölkəmizin bu təşkilatla əlaqəsinin genişlənməsi Azərbaycanın NATO-ya inteqrasiyası prosesində mühüm rol oynayan faktordur. Hazırda NATO-nun Mərkəzi Asiya ölkələrinə çıxışı məhz Azərbaycan üzərindən həyata keçirilir. Bu təşkilatla regional təhlükəsizlik sahəsində və terrorizmə qarşı mübarizədə əməkdaşlıq yüksək səviyyədədir. NATO Azərbaycanda minaların təmizlənməsi missiyasında iştirak edir. Ordumuzun NATO standartlarına inteqrasiyası prosesində bundan sonrakı mərhələdə də Alyans dəstək verməyə hazırdır. Baş katib çıxışında Ermənistanın işğalçı siyasəti nəticəsində yaranmış Qarabağ münaqişəsinə də mövqe bildirdi. Ancaq NATO Qarabağ konfliktinin həlli istiqamətində Minsk formatının işini dəstəkləyir. Münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Hazırda NATO münaqişə ilə yaxından məğul olmasa da, regionda Ermənistanın işğalçı siyasəti Alyansın siyasətinə ciddi əngəldir. Ermənistan Rusiyanın hərbi müttəfiqi olmaqla, NATO-ya qarşı Qafqazda Rusiyanın siyasətində yer alır. Məsələ ondadır ki, Ermənistanda yerləşən Rusiyanın hərbi bazaları məhz NATO-nun regionda genişlənmə siyasətinə qarşı yönəlib. Hesab edirəm ki, NATO Ermənistanla bağlı siyasətinə aydınlıq gətirməli, işğalçı ölkəyə qarşı təzyiqlər həyata keçirməlidir. NATO ilə ölkəmiz arasında əlaqələrin inkişafı üçün geniş imkanlar var. Silahlı Qüvvələrimizdə NATO günlərinin keçirilməsi hesab edirəm ki, ölkəmizin bu Alyansla əlaqələrinə mühüm töhfə verəcək. NATO enerji təhlükəsizliyində və terrorizmə qarşı mübarizədə Azərbaycanla birgə işlər görür. Hesab edirəm ki, NATO Azərbaycana dəstəyi artırmalı və işğalçı Ermənistana qarşı təzyiqlər etməlidir. Belə olarsa, bu, Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər”.
Vidadi ORDAHALLI