NATO ilə Azərbaycan arasında səmimi münasibətlər mövcuddur. Bu barədə “Trend”ə açıqlamasında millət vəkili Fərəc Quliyev deyib.
Millət vəkili bildirib ki, bu münasibət tərəfdaşlıq və əməkdaşlıqda özünü göstərir: "Azərbaycanın NATO tərkibində Əfqanıstanda fəaliyyət göstərməsi, Qərb dəyərlərinə üstünlük verməsi NATO-da Azərbaycan haqqında oturuşmuş bir imic formalaşdırıb. Və hesab edirlər ki, Azərbaycanla münasibətlər çox yüksək səviyyədə qalmalıdır".
F.Quliyevin sözlərinə görə, bəzi Qərb ölkələri Azərbaycan - NATO, Azərbaycan - ABŞ, Azərbaycan - Aİ münasibətlərini pozmaq istəyir: "Amma göründüyü kimi, hər iki tərəf sayıqdır, səmimi münasibətlər qorunur, Azərbaycana böyük etimad göstərilir. Prezident İlham Əliyevin NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı dövlət başçısının nüfuzundan irəli gəlir".
Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasını göstərir. Bunu isə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynovun sözlərinə görə, heç də təsadüfi deyildi ki, bir neçə il öncə Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçildi: “BMT-yə üzv olan əksər dövlətlərin səsverməsi nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının iki illiyə qeyri-daimi üzvü seçildi. Bunun özü Azərbaycanın çox böyük siyasi nüfuzu, diplomatik qələbəsi idi. Bununla yanaşı, NATO Baş katibinin Prezident İlham Əliyevi Brüsselə dəvət etməsi o deməkdir ki, Azərbaycan dünyada böyük nüfuza malikdir, regionda söz sahibidir, regiondakı proseslərə təsir etmək imkanları var, digər tərəfdən Azərbaycan sülh siyasəti yeridir”.
Deputat vurğulayıb ki, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi keyfiyyətlərinin də mühüm rolu var: “Cənab Prezidentin şəxsi keyfiyyətlərini, siyasi iradəsini, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu və digər amilləri üst-üstə gəldikdə, bu gün dövlətimiz dünya, NATO üçün etibarlı tərəfdaş dövlət sayılır”.
“Prezident İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak etməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması və ölkəmizə olan böyük etimadın göstəricisidir” – deyən Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, Azərbaycan indiyə kimi öz müstəqil siyasəti və dünyada sülhün və sabitliyin təmin olunmasına verdiyi mühüm töhfə ilə etibarlı tərəfdaş olduğunu sübuta yetirib: “Əlbəttə ki, NATO ilə əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Azərbaycan uzun illərdir NATO-nun Əfqanıstanda həyata keçirdiyi sülhməramlı missiyada yaxından iştirak edir, bu missiya çərçivəsində Əfqanıstana yüklərin daşınması üçün ölkənin hava məkanından istifadə edilməsinə şərait yaradıb. Eyni zamanda, Azərbaycanın NATO-nun Kosovadakı sülhməramlı missiyasında fəal iştirak etdiyini də göstərmək olar. Qeyd edə bilərik ki, Azərbaycan NATO-nun sülhməramlı missiyalarına təşkilata üzv olan ölkələrdən daha böyük dəstək göstərib”.
O vurğulayıb ki, Azərbaycan həm iqtisadiyyatı, həm ordusu, həm də digər parametlər üzrə Cənubi Qafqazın ən qüdrətli ölkəsidir: “NATO Azərbaycanla əməkdaşlığa böyük önəm verir”.
Deputat əlavə edib ki, Azərbaycan çox önəmli layihələr gerçəkləşdirir: “Bu yaxınlarda işə salınan Bakı-Tiflis-Qars dəmir yol xətti bütün dünya üçün əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu getdikcə daha da artacaq. Azərbaycan bu nailiyyətlərə Prezident İlham Əliyevin düşünülmüş siyasəti, qətiyyətli mövqeyi və siyasi iradəsi nəticəsində nail olub”.
Qeyd edək ki, noyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
Baki-xeber.com