Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin Suriya məsələsinə dair üçtərəfli sammiti həm də Yaxın Şərqdə yeni geosiyasi çəkişmənin başlanğıcı sayılır. Çünki ABŞ Yaxın Şərqdə hadisələrin onun iştirakı olmadan inkişafı ilə qətyyən razı deyil. Elə bu səbəbdən Vaşinqton bölgədə hərbi, siyasi iştirakını artırmaq niyyətidir. Bunun üçün ABŞ-ın əlində olan yeganə əsas vasitə Suriyada kürd yaraqlıları ilə əməkdaşlığı daha da genişləndirməkdir. ABŞ bunldan sonra kürdələrə hərbi, siyasi dəstəyini artırmağı düşünür. Amma belə vəziyyətdə Türkiyə və İranla da ABŞ-ın üz-üzə gəlməsi qaçılmaz sayılır.
Türkiyə və İrana Rusiyanın da dəstək verəcəyi nəzərə alınarsa, qarşıdurmanın daha şiddətli olması qaçılmaz sayılır. Ümumiyyətlə, görünən odur ki, Türkiyə, Rusiya və İranın Suriyanın və beləliklə Yaxın Şərqin gələcəyini müəyyən edən ölkələrə çevrilməsi ilə ABŞ qətiyyən razılaşmaq niyyətində deyil. Xatırladaq ki, üç ölkənin prezidentlərinin Soçi görüşündə Suriya Milli Dialoq Konqresinin keçirilməsi barədə qərar qəbul olunub. Bundan başqa, Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul edib. Rusiya prezidenti Vladimir Putin bu xüsusda bildirib: ”Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub". Putin bildirib ki, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd edib, İŞİD, “Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər. Bütün bunlar onu göstərir ki, Rusiya, İran və Türkiyə Yaxın Şərqdə mövqelərini daha güclü hala gətirməyə hazırlaşır. Yuxarıda qeyd olunduğu kimi, bu da ABŞ-ı qane etmir. Məhz belə bir vaxtda “Vaşinqton Post” qəzeti özünün etibarlı mənbələrinə istinadən məlumat yayıb ki, ABŞ İŞİD üzərində qələbədən sonra öz hərbi hissələrini Suriyada saxlamağı planlaşdırır. Əsas kimi də mənbə ABŞ-ın İŞİD-in revanşından qorxmasını göstərib: “ABŞ Suriyada yeni səhvə yol vermək istəmir. İŞİD Suriyada öz təsirini hakimiyyətin olmamasından istifadə edərək qısa zaman ərzində yaymışdı və indi bu təkrarlana bilər. Digər tərəfdən, hərbi hissələr İrana görə burada saxlanacaq. Belə ki, Suriya prezidenti Bəşər Əsəd bütün ölkə ərazisini ələ keçirə bilər, bu isə İranın qələbə qazanması deməkdir”.
Qeyd edək ki, hazırda Suriyada 500 ABŞ hərbçisi var. Onlar xüsusilə ölkənin şimalındakı kürdlərin təlimi ilə məşğul olur. Vaşinqton bundan öncə İŞİD-lə savaşdan sonra öz ordusunu Suriyadan çıxaracağını bildirmişdi. Amma indi vəziyyət dəyişib. ABŞ Suriyada hərbi qüvvələrinin sayının artırmağı düşünür. Bundan başqa, PKK-ya bağlı YPG və PYD-yə yardımlarını da artırır. Bu isə ilk növbədə Ankara üçün məqbul deyil. Çünki Ankara Suriyada kürd terrorçularına qarşı yeni əməliyyatlara hazırlıq görür. İlk zərbənin isə Suriyanın Afrin şəhərində vurulması gözlənir. Bu fonda yayılan məlumatlara görə, terrorçu PKK qruplaşması İraqın şimalında yerləşən Qəndil dağından Afrin şəhərində YPG və PYD-yə yardım məqsədilə 500 terrorçu göndərib. Bundan əvvəl PKK Suriyanın Münbiç və Ayn əl-Arab şəhərlərinə 1200 terrorçu yollamışdı. PKK və onun havadarları bunu Türkiyənin Suriyanın İdlib bölgəsindəki əməliyyatı sürətləndirməsi qarşılığında edib. Rəsmi Ankara dövlət sərhədlərini terrorçulardan qorumaq və ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə Afrində də antiterror əməliyyatının keçirilməsi, bu ərazinin YPG və PYD terrorçularından təmizlənməsi ilə bağlı müttəfiqləri qarşısında məsələ qaldırıb. Bu səbəbdən PKK qruplaşması Suriyanın Ayn əl-Arab, Raqqa, Deyr-əz-Zor və Kamışlıdakı 3 000 silahlısını Afrində yerləşdirib. Onlara silahlar isə məhz ABŞ-dan gəlir. Bu səbəbdən Türkiyə ABŞ-ı YPG, PYD və bu terrorçu dəstələrin formalaşdırdığı “Suriya Demokratik Gücləri”nə silah-sursat və hərbi texnika verməkdə ittiham edir. ABŞ isə PKK-nı terrorçu qruplaşma olaraq tanıdığını, onlara silah vermədiyini, YPG və PYD-yə verilən silahlar barədə Türkiyəni məlumatlandırdığını bildirir. Ankara isə bəyan edir ki, bununla ABŞ bölgədə terrora rəvac verir. İndi Ankara ABŞ-ın dəstəklədyi kürd yaraqlılarını sıradan çıxarmağa hazırlaşır. ABŞ-ın isə buna seyrçi qalmayacağı proqnozlaşdırılır. Türkiyənin məqsədinə çatmaq üçün İran və Rusiyadan yardım alması isə ABŞ-ı daha da qəzəbləndirir. Bu fonda tərəflrin Suryiada üz-üzə gəlməsi də qaçılmaz sayılır.
Qeyd edək ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Suriya ərazisinin 98 faizinə hökumət qoşunlarının nəzarət etdiyini, İranın ali rəhbəri, ayətullah Seyid Əli Xamneyi və İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki “Qüds” adlı qolunun komandanı, general Qasım Süleymani isə İraq və Suriya ərazisində İŞİD-in kökünü kəsdiklərini bildirmişdi. Amma görünən odur ki, indi böyük güclərin Suriyada daha qanlı savaşı başlanır.
Tahir TAĞIYEV