Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir. Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrlə yaxşı münasibətlər qurmaq üçün çalışır
M.Brayza qeyd edib ki, Azərbaycanın Varşavada NATO sammitində iştirakı tam təbiidir: "Bu ondan xəbər verir ki, tərəflər yaxşı münasibətlər, dostluq münasibətləri qurublar. Bundan başqa, Azərbaycan şübhəsiz ki, terrorizmə qarşı mübarizədə mühüm rol oynayır".
"Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Varşavada keçirilən sammitində iştirakı Azərbaycan xarici diplomatiyasının, Azərbaycan Prezidentinin apardığı siyasətin çox gözəçarpan uğurudur”. Bunu isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S.Seyidov bildirib ki, NATO-nun hər bir sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müzakirə olunub: "Əminəm ki, bu sammitdə də bu istiqamətdə müzakirələr Azərbaycanın maraqları çərçivəsində təşkil ediləcək”.
Komitə sədri bildirib ki, NATO faktiki beynəlxalq təşkilatlar içərisində öz nüfuzu, öz təsiri ilə güclü bir təşkilatdır: "Məhz burada Azərbaycanın ərazi bütövlüyünün dəfələrlə təsdiqlənməsi ona dəlalət edir ki, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyi dəstəklənir və yüksək səviyyədə müdafiə olunur. Əminəm ki, Azərbaycan Prezidentinin Varşavada NATO sammitində iştirakı Azərbaycanın mövqeyini daha da yüksək zirvələrə qaldıracaq. Biz bütün təşkilatlar ilə əməkdaşlıq edərək Azərbaycan maraqlarını uca saxlamışıq. Bu məhz Azərbaycan Prezidenti İlham Əliyevin prinsipidir və həmin prinsip çərçivəsində də Azərbaycanın mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırılacaq”.
S.Seyidov əlavə edib ki, Azərbaycan xarici diplomatiyası son dövrlərdə xeyli uğur qazanıb: "Buna misal olaraq Avropa Şurasında bu yaxınlarda Azərbaycanla bağlı keçirilmiş müsbət müzakirələri, Avropa Parlamentində ratifikasiya olunmuş Azərbaycan Avropa Birliyi arasında əməkdaşlıq sazişini göstərmək olar”.