Avqust ayında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilə bilər. APA-nın xəbərinə görə, bu barədə "Kommersant” qəzeti məlumat yayıb. Qəzet yazıb ki, bu gün Soçidə iki ölkə xarici işlər nazirlərinin görüşünün nəticəsindən asılı olaraq, prezidentlərin görüşü daha tez bir zamanda təşkil edilə bilər.
Kreml də Rusiya və Türkiyə prezidentlərinin sentyabrda Çində keçiriləcək G20 sammitinədək görüşə biləcəyini istisna etməyib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, görüşün keçirilmə yeri də hələ müəyyən olunmayıb.
Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı ilə G20 sammitinədək görüşməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, iyunun 29-da Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə 4-5 sentyabr tarixlərində Çində keçiriləcək "G20" sammitində görüşə biləcəyini bəyan edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bu məlumatı təsdiqləməyib. O, görüşün vaxtının diplomatik kanallarla dəqiqləşdiriləcəyini bildirib.