Soçidə Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib. Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının XİN rəhbərləri Şurasının iclası çərçivəsində baş tutub.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun görüşü 40 dəqiqə çəkib. Görüşdə iqtisadi, energetika, ticarət sahəsində əməkdaşlıq, həmçinin yüksək səviyyədə kontaktlar müzakirə olunub.
Görüş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Soçidə keçirilən iclası çərçivəsində baş tutub.
"Ümid edirəm ki, bizim aramızdakı təmaslar iki ölkə arasında münasibətlərin normallaşması sahəsindəki praktik fəaliyyətlərə düzgün ton verəcək". Bu sözləri Lavrov Çavuşoğlu ilə görüşdə deyib. O bildirib ki, hazırda ehtiyac olan məsələlərin müzakirəsi üçün yaxşı imkan var.
M. Çavuşoğlu isə onu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət etdiyi üçün Sergey Lavrova təşəkkür edib: "Hər iki ölkə prezidenti telefonla danışıb. Bu danışıq çox konstruktiv keçib və onlar bizi bu müzakirələri davam etdirərək münasibətləri normallaşdırmaq və əlaqələri lazımi səviyyəyə çatdırmaq barədə təlimatlandırıblar”.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla iqtisadiyyatı, energetikanı, ticarəti və səfərləri müzakirə edib.
Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib ki, görüş konstruktiv olub (Trend).
Çavuşoğlu bildirib ki, Azərbaycan və Qazaxıstan Türkiyənin Rusiya ilə əlaqələrinin normallaşması prosesində müsbət rol oynadılar.
XİN rəhbəri deyib ki, Türkiyənin Rusiya və İsraillə əlaqələrinin normallaşdırılması regionun faydasına olacaq. Onun sözlərinə görə, Ankara və Moskva Suriya böhranında fikir ayrılığına düşsələr də bu, dialoqa mane olmur: "Moskva və Ankara regionda radikalizmin artmasına qarşı çıxış edir".