Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 2015-ci ilin noyabrında vurulmuş Rusiya hərbi təyyarəsilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə göndərdiyi məktubda üzr ifadəsi işlətməyib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Anadolu Agentliyi Türkiyə Prezident Administrasiyasındakı qaynaqlara istinadən məlumat yayıb. Bildirilib ki, məktubda ölən pilotun ailəsinin dərdinə şərik olunduğu və başssağlığı verildiyi, "qüsura baxmasınlar" deyildiyi vurğulanıb.
Çatdırılan üzüntünün dövlətə deyil, birbaşa ailəyə yönəldiyini vurğulayan qaynaqlar, ailəyə təzminat verilməsilə bağlı da məktubda heç bir ifadənin yer almadığını bildirir.
Türkiyənin Suriya, Ukrayna və Krım məsələlərində mövqeyinin dəyişməyəcəyini ifadə edən qaynaqlar, "ancaq bu mövzularda artıq Rusiya ilə birbaşa müzakirə apara və hadisələrə müdaxilə edə biləcəyik" deyə bildirib.
Yeni proseslərlə Türkiyəyə qarşı turizm təhdidlərinin də ortadan qalxacağını deyən mənbə bildirib ki, bunun ardınca kənd təsərrüfatı məhsullarına qarşı sanksiyalar məsələsi gündəmə gələcək.