Türkiyə-Rusiya əlaqələrində böhran düyününün açılması ilə bağlı ilk addım Ankaradan atıldı. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin noyabrında Türkiyə sərhədində Su-24 təyyarəsinin pilotunun vurulmasına görə, Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Baki-xeber.com xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Ərdoğan məktubda Ankaranın heç bir vaxt Rusiya Federasiyasına aid Su-24 təyyarəsi qəsdən vurulmayıb və Türkiyənin heç vaxt belə bir fikrinin olmadığını qeyd edib. O, Rusiyanın Türkiyə üçün strateji müttəfiq olduğunun xatırladıb.
Bundan əlavə, Ərdoğan iki ölkə arasında ənənəvi dost münasibətlərinin bərpası üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu, gərəkli addımın atılacağını vurğulayıb.
"Türkiyə prezident məktubunda ölən pilotun ailəsinin dərdinə şərik olduğunu və başssağlığı verib. Məktubda "Üzr istəyərəm” ifadəsi də yer alıb” – deyə Peskov bildirib.
Məktubda həmçinin bildirilir ki, həmin vaxt əsir düşən pilotlardan birinin qətlində adı hallanan Türkiyə vətəndaşına qarşı istintaq işi başlanıb.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın da Ərdoğanın Putinə məktub göndərdiyini təsdiqləyib.
Ancaq Kalın Rusiyanın açıqladığı kimi Ərdoğanın üzr istəməsi ilə bağlı heç nə demir.
O, məktubda, yalnız Rusiya hərbi təyyarəsinin düşməsilə əlaqədar dərin kədər hissi duyduğunu, həyatını itirən pilotun ailəsinin dərdinə şərik olduğunu və başssağlığı verdiyini deyib.
Kalın Ərdoğanın Putinə göndərdiyi məktubda, Türkiyə ilə Rusiya arasındakı ənənəvi dostluq əlaqələrin bərpası, regional böhranların həllilə bağlı əməkdaşlıq və terrora qarşı birgə mübarizə aparmaqla bağlı müraciət olduğunu qeyd edib.
Qeyd edək ki, Türkiyənin ötən ilin noyabrında Türkiyə sərhədi yaxınlığında Rusiya təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər kəskin pisləşib. Rusiya buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib, Ankara ilə birgə layihələrdən çıxıb. Türkiyə təyyarənin onun hava məkanını pozduğunu, Rusiya isə onun Suriya ərazisində vurulduğunu təkid edir.