Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Fransanın RF-dəki səfiri Jan-Moris Riper ilə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıq işlərini müzakirə edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Rusiya XİN-ə istinadən xəbər verir.
Söhbət zamanı Ukraynada böhranın nizamlanması üzrə beynəlxalq səylərlə bağlı məsələlər də müzakirə edilib. Cənubi Qafqaz və Mərkəzi Asiyadakı vəziyyətə toxunulub.
Səfiri ATƏT-in Minsk qrupunun həmsədri, Fransanın "Şərq tərəfdaşlığı" məsələləri üzrə səfiri Pyer Andryö müşayiət edib.
Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin azərbaycanlı həmkarı Xələf Xələfovla da görüşüb. Rusiya Xarici İşlər Nazirliyinin yaydığı xəbərə görə, tərəflər görüşdə Azərbaycan, İran və Rusiya arasında üçtərəfli qarşılıqlı fəaliyyəti müzakirə ediblər.
Görüşdə, həmçinin Rusiya-Azərbaycan əlaqələrinin bir sıra aktual məsələləri müzakirə edilib.
APA isə Rusiya XİN-dəki mənbəyə istinadən xəbər yayıb ki, Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşü keçirilə bilər.
Mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".