Qazaxıstan Prezidenti Nursultan Nazarbayev hesab edir ki, ölkədə "rəngli inqilab"ın əlamətləri görünür. Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət başçısının müraciətində deyilir.
O bildirib: "Biz hamımız bilirik ki, "rəngli inqilab"ların müxtəlif metodları var və uydurma mitinqlərdən, qətllərdən, hakimiyyəti ələ keçirmək cəhdlərindən başlayır. Bizdə də bu əlamətlər peyda olub".
N.Nazarbayev qeyd edib ki, hakimiyyət ekstremistləri və terrorçuları yatırtmaq üçün ən sərt tədbirlər görəcək.
O əlavə edib ki, Aktobe şəhərində silsilə hücumlar təşkil edən cinayətkarlar xaricdən göstəriş alıblar. O bildirib ki, terror aktını təşkil edən radikal dini cərəyanın tərəfdarları təlimatları xaricdən alıblar: "Bütün cinayətkarlar qanunun ən sərt tərəfi əsasında məsuliyyətə cəlb olunacaqlar. Hücum nəticəsində xəsarət almış şəxslərə və həlak olanların ailələrinə hərtərəfli kömək ediləcək”.
Xatırladaq ki, 5 iyun tarixində Qazaxıstanın Akobe şəhərində cinayətkar dəstə 2 silah mağazasına və hərbi hissəyə hücum edib. Nəticədə 3 dinc sakin və 3 hərbçi həlak olub. Hadisə nəticəsində 13 ekstremist zərərsizləşdirilib, 14-ü yaralanıb və 6-sı axtarışdadır.