Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə hələlik dəqiq məlumat yoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə açıqlamasında deyib.
N.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri bu istiqamətdə işləyirlər: "Düşünürəm ki, onlar bu məsələnin öhdəsindən gəlib görüşü təşkil edəcəklər. Görüşün təşkil edilməsi lazımdır".
"Almaniya Bundestaqının qondarma "erməni soyqırımı" ilə bağlı qərar verməsində ikili standartlı yanaşma özünü göstərir”. Bunu da Novruz Məmmədov deyib.
O bildirib ki, çünki birdən-birə bir ölkənin parlamenti yığışıb yekdilliklə qərar qəbul edirlər: "Bu məsələ ətrafında onların məlumatı var və ya yoxdur, təhlil aparıblar və ya aparmayıblar, arxivlərdə araşdırmalar olub, olmayıb, amma buna baxmayaraq, müəyyən fikirlərə düzəlişlər etməklə qərar qəbul edirlər".
N.Məmmədov deyib ki, indiki vəziyyətdə bu cür atılan addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: "Onlar sülhün, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu nöqteyi nəzərdən əlbəttə, mən demək istəyirəm ki, indiki dövrdə bu cür aparılan siyasət düzgün siyasət deyil. Düşünürəm ki, belə bir siyasətin əslində təməli elə 1990-cı illərin lap əvvəlindən ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul edilməsi ilə başlayıb".