Almaniya Bundestaqının uydurma "erməni soyqırımı"nın tanınması barədə qətnaməni qəbul etməsi ikili standartların aşkar rüsvayçı nümunəsidir, məqsəd isə Türkiyəyə təzyiq etmək, türk millətini gözdən düşürməkdir. Bunu Trend-ə Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, Almaniya parlamentinin qəbul etdiyi qətnamə tarixin saxtalaşdırılmasıdır: "Çünki tarixdə "erməni soyqırımı" deyilən bir şey olmayıb. Əslində, Birinci Dünya Müharibəsinin gedişində əvvəlcə erməni silahlı dəstələri Şərqi Anadoluda, Cənubi Azərbaycanda və Cənubi Qafqazın müxtəlif yerlərində mülki türk, müsəlman əhaliyə qarşı kütləvi soyqırım törədiblər. 1918-1920-ci illərdə isə türk torpaqlarında yaradılan daşnak Ermənistan soyqırımı dövlət siyasətinə çevirib. İndiki Ermənistan isə Azərbaycana qarşı hərbi təcavüzünün gedişində Xocalıda mülki azərbaycanlı əhalini soyqırıma məruz qoymaqla bəşəriyyətə və sivilizasiyaya qarşı dövlət səviyyəsində cinayət edib".