İraq ordusunun bir neçə gün əvvəl Mosulu İŞİD-dən almaq üçün başlatdığı əməliyyat pis hava şəraitinə görə dayandırılıb.
Baki-xeber.com xəbər verir ki, əməliyyatların keçirildiyi beş gün ərzində üç kənd terrorçulatdan geri alınıb. Ancaq üç istiqamətdən başlayan Mosul əməliyyatı pis hava şəraitinə görə dayandırılıb. Əməliyyatlara İraq ordusu ilə yanaşı Haşdi Vatani də (sünnilər) qatılıb, ancaq kürd peşmərgə qüvvələri yalnız dəstək verməklə kifayətlənir və aktiv bir şəkildə qarşıdurmalara qoşulmur.
Əməliyyatların yaxın vaxtlarda yenidən başlayacağı gözlənilir.
Ancaq İraqda İŞİD-dən sonrakı dövrdə yeni – başqa qüvvələr arasında qarşıdurmaların anonsu da verilir. Kürd peşmərgə qüvvələri İraqda İŞİD-ə qarşı mübarizənin ardından, bu dəfə də İran dəstəkli şiə qrup Haşd-i Saabla qarşıdurmanın olacağı barədə xəbərdarlıq edir.
Peşmərgə komandirlərindən Polat Cəngi kürdlərin İŞİD-dən alınmasına dəstək verilən bölgələrdən çıxmayacağını bəyan edib: "Havice və Mosul kimi yerlərin İŞİD-dən alınmasından dərhal sonra İraq hökuməti və Haşd-i Saabla problemlər ortaya çıxacaq. Bizdən bu bölgələrdən çəkilməyimizi istəyəcəklər. "Çox təşəkkür edirik, bizə kömək etdiniz. İndi yerinizə qayıdın” deyəcəklər".
Ancaq Cəngi kürdlərin dəstəyilə alınan şəhərlərdən çəkilməyəcəklərini deyir: "Bilirik ki, sonunda bura İraq hökuməti ilə aramızda böyük bir problem olacaq".