Brüsseldə insanlar çərşənbə axşamı baş vermiş hücumda ölənləri yad etmək üçün Bourse meydanında toplaşıb.
Baki-xeber.com xəbər verir ki, həmin vaxt radikal əhval-ruhiyyəli insanlar da küçələrə çıxıb və meydana basqın edib. Ilk öncə polis, təxminən 600 nəfərlik qara geyimli nasistin anım meydanına daxil olmasının qarşısını almağa çalışsa da buna nail ola bilməyib.
Ancaq sonradan polis, kütlənin nasistsayağı salamlamalar və miqrantlar əleyhinə şüarlar səsləndirərək müsəlman qadını dövrəyə almasından sonra insidentə sərt müdaxilə edib.
Meydandakılar da radikal sağçı qrupa etiraz edərək "Hamımız qaçqınların uşaqlarıyıq" şüarı səsləndirib. Polis Brüssel mərkəzi meydanında qadınlara hücum edən radikal əhval-ruhiyyəli vətəndaşları dağıtmaq üçün su şırnaqlarından istifadə edib, onlar meydandan uzaqlaşdırılıb.
Ancaq meydandan kənarda da polislə toqquşmalar olub. Radikallar polis avtomobillərinə ciddi ziyan vurublar.
Qeyd edək ki, Brüssel hava limanında və metrosunda hücumlar nəticəsində 28 nəfər həlak olub.
Bazar gününə "Qorxuya qarşı marş" planlaşdırılsa da, hökumət polisin son dərəcə məşğul olduğu bir vaxtda yürüşü ləğv edib.