Polşanın baş naziri Beata Szydło bildirib ki, ölkənin yeni hökuməti qaçqın qəbul etməkdən imtina edib. Bundan əvvəl Polşa Suriya və Eritreyadan gəlmiş, hazırda İtaliya və Yunanıstanda müvəqqəti düşərgələrdə yerləşdirilmiş 150 min qaçqının 7 minini qəbul etmək barədə Avropa İttifaqı ilə razılığa gəlmişdi.
"Mən tamamilə açıq bəyan edirəm: mövcud vəziyyətdə Polşanın hər hansı miqrantı necə qəbul edəcəyini anlamıram," - deyə baş nazir bildirib.
Polşa hökumətinin mətbuat katibi Rafał Boçenek açıqlamasında bildirib ki, baş nazirin qərarı Brüsseldə baş vermiş terror hücumları ilə bağlıdır. Biçenek əlavə edib ki, Avropaya Yaxın Şərqdən gələn qaçqınları yoxlamaq üçün istifadə olunan sistem effektiv deyil.
"Yaxın Şərqdən gələn miqrantların yoxlanması sistemi işləmədikcə miqrantların köçürülməsi və Aİ ölkələri arasında paylaşdırılması barədə danışmaq çətindir" - deyə mətbuat katibi qeyd edib.
"Biz imkan verə bilmərik ki, hazırda Qərbi Avropada baş verən hadisələr Polşa ərazisinə keçsin. Biz Polşa vətəndaşlarını belə vəziyyətlərdən qorumaq istəyirik" - deyə əlavə edib.