Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin iyununda Brüssel terrorçularından birinin Qaziantepdə tutulub Belçikaya verilməsi və onların da terrorçunu sərbəst buraxması ilə bağlı açıqlaması Avropada şok effekti verib.
Baki-xeber.com xəbər verir ki, Ərdoğanın açıqlamasından sonra Belçika daxili işlər naziri Jan Jambonu istefa verib.
Belçikanın "Le Soir" qəzeti yazır ki, Ərdoğanın İbrahim Əl Bakraouinin Türkiyədən Belçikaya ekstradisiya edildiyini açıqlamasından sonra Jan Jambon məsuliyyəti öz üzərinə götürərək istefa verib. Ancaq daxili işlər nazirinin istefası baş nazir tərəfindən qəbul edilməyib.
Belçikanın ədliyyə naziri Koen Geensin də istefa qərarı verdiyinə dair xəbərlər yayılıb.
Ərdoğanın, Türkiyənin Brüssel hücumlarında iştirak edən bir yaraqlını Hollandiyaya deportasiya etdiyi, ancaq Hollandiya ilə Belçikanın tədbir görmədiyini deməsi Hollandiyada da ciddi müzakirələrə yol açıb.
Hollandiyadakı müxalifət partiyaları Ərdoğanın iddiaları ilə bağlı hökumətdən açqılama tələb edir. Hollandiyada hökumətə ən sərt reaksiya isə, Türkiyə və İslam əleyhdarı siyasətilə tanınan Azadlıq Partiyasından gəlib. Partiyanın sədri bildirib ki, bu doğrudursa o zaman baş nazir Rutte istefa verməlidir.
Hollandiya mətbuatı isə, bunun Hollandiya ilə Belçika arasında da gərginliyə gətirib çıxaracağını yazır.
Brüsseldə Zevantem hava limanında özünü partladan İbrahim Əl Bakraoui 2015-ci ildə Hollandiyaya verildikdən bir müddət sonra sərbəst buraxılıb.