Suriyada Rusiyanın kəşfiyyat əməliyyatları və digər tapşırıqları yerinə yetirən xüsusi hərbi dəstəsi fəaliyyət göstərir.
Baki-xeber.com xəbər verir ki, bu barədə Suriyadakı rus birliklərinin komandiri general-leytenant Aleksandr Dvornikov "Rossiyskaya Gazeta”ya açıqlama verib.
"Bunu gizlətməyəcəyəm, Suriya torpaqlarında xüsusi hərbi qüvvələrimiz fəaliyyət göstərir. Onlar, Rusiya döyüş təyyarələrinin hücum edəcəyi hədəflərlə bağlı əlavə kəşfiyyat məlumatları toplayır, döyüş təyyarələrini uzaq bölgələrdəki hədəflərə istiqamətləndirir və digər xüsusi vəzifələri yerinə yetirirlər" – deyə general bildirib.
General Suriyada ABŞ və digər ölkələrə aid bənzər birliklərin də fəaliyyət göstərdiyini qeyd edib. O, rus hərbi mütəxəssislərin Suriya hakimiyyətinə məsləhətlər verdiyini də etiraf edib.
Bu məlumat Suriya ordusu və onun müttəfiqlərinin qədim Palmira şəhərinə girdiyi ərəfədə yayılıb.
Rusiya prezidenti Vladimir Putin martın 14-də Suriyadakı əsas qüvvələrin çıxarılmasını göstəriş verib, amma qeyd edib ki, "İslam Dövləti” qrupu və Əl Qaidə ilə əlbir olan qruplarla mübarizə davam edəcək.
"İslam Dövləti” qrupu Palmiranı 2015-ci ildə zəbt edib. Analitiklər şəhərin qaytarılmasının Rusiyanın hərbi müdaxiləsindən sonra Suriya prezidenti Bəşər Əsədin ən böyük uğuru olacağını hesab edirlər.