Belçika polisi Twitter-də Brüsselin hava limanında baş verən partlayışlarda şübhəli bilinən 2 terrorçunun fotosunu yayıb. "India Today” isə Belarus kəşfiyyat xidmətinə istinadən hücumlarda şübhəli bilinən 3 nəfərin Belarus vətəndaşı olduğunu yazır...
Baki-xeber.com xəbər verir ki, fotodakı Najim Laachraoui və Mohamed Abrini adlı iki şübhəlinin intihar hücumlarını təşkil edənlər olduğu ehtimal edilir.
Belçika mərkəzli xəbər saytı DH isə hücumdan əvvəl təhlükəsizlik kamerasına düşmüş üç nəfərin canlı bombalar olduğunu iddia edir. Onlardan birinin hava limanında baş verən partlayışlarla əlaqəsinin olduğu bildirilir. Digər iki şəxsin kimliyi isə hələlik bilinmir.
Belarusun kəşfiyyat xidmətinin məlumatına görə, Brüssel hücumlarında şübhəli kimi göstərilən 3 İŞİD üzvü Belarus vətəndaşıdır. "Sputnik”ə açıqlama verən Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sözcüsü Dmitri Pobryajin şübhəlilər haqqında məlumatlı olduqlarını və onların hücumlarla əlaqəsinin olub-olmadığını araşdırdıqlarını deyib.
Başqa bir mənbə isə bildirib ki, şübhəlilərdən 2-si - Belarus vətəndaşları İvan və Aleksey Dovbaşdır. Digər şübhəli isə bir neçə il əvvəl Belarus vətəndaşlığına keçən Dağıstan əsilli Marat Yunusovdur.
27 yaşlı Aleksey Dovbaşın 2008-ci ildə, 23 yaşlı İvan Dovbaşın isə bir neçə il sonra Brüsselə təhsil almağa getdiyi bildirilir: "İki qardaşın da terror təşkilatına üzv olduqlarına dair məlumat var. Qardaşlardan biri saqqallıdır" - deyə mənbə bildirib.
Mənbə Yunusovun Belçika vətəndaşı olduğunu da qeyd edir. Hər üç şəxsin İŞİD terror qruplaşmasının üzvü olduğu bildirilir.
"Euroradio”ya danışan İvan Dovbaş isə bütün bu iddiaları rədd edir. "Əgər biz intihar hücumçusuyuqsa, niyə həyatdayıq... Əgər terrorçuyuqsa, niyə bizi həbs etməyiblər?" deyə Dovbaş bildirir.