Ukrayna prezidenti Petro Poroşenko Rusiyanın Lipetsk şəhərindəki "Roshen” şirniyyat fabrikini satışa çıxarıb.
Baki-xeber.com xəbər verir ki, Ukrayna rəsmisi Boris Lojkin Poroşenkonun fabrikə satıcı axtardığını bildirib: "Poroşenko təcili olaraq professional vasitəçilər vasitəsilə Lipetsk fabrikinə alıcı axtarır. Bunu anlamaq lazımdır ki, fabrik dəfələrlə vergi orqanları tərəfindən bağlanıb və indi bir çox rus alıcı fabrikə ehtiyatla yanaşır. Bunu çox yaxşı başa düşürəm, satışı asan deyil".
Lojkin Poroşenkonun fabriki satmaq qərarının qəti olduğunu qeyd edib.
Rusiya Federal Vergi Xidməti "Roshen” şirniyyat şirkətinə aid Lipetsk zavodunun vergi borcunun 779 milyon rubl (təxminən 11 milyon dollar) olduğunu bildirir.
Bir müddət əvvəl açıqlama verən şirkətin baş katibi Vyaçeslav Moskalevski fabrikin 200 milyon dollara satışa çıxarıldığını bildirib. "Bəli fabriki satışa çıxardıq. Satışa çıxarar çıxarmaz da bütün real alıcılar birdən-birə yoxa çıxdı" - deyərək ortada alıcı olmadığını bildirmişdi.