ABŞ İraqda yeni hərbi baza qurub. Baki-xeber.com xəbər verir ki, bu barədə ABŞ liderliyindəki koalisiya qüvvələrinin terror təşkilatı İŞİD-ə qarşı əməliyyatlarının sözçüsü Stiv Uorren açıqlama verib.
Onun sözlərinə görə Mosulu geri almağa hazırlaşan iraqlı əsgərlərin olduğu bölgənin yaxınlığında qurulan baza, əməliyyatlara artileriya atəşi ilə dəstək verəcək.
ABŞ bazaya əsgər də göndərib. Uorren bildirib ki, bazaya təxminən 200 ABŞ əsgəri yerləşdiriləcək. Birlik Mosulu İŞİD-dən almağa hazırlaşan və ABŞ əsgərlərinin də məsləhət verdiyi Mahmurdakı İraq bazasını da qoruyacaq.
Buranın iraqlı hərbçilərə məsləhət və təlim vermək üçün İraqa dönən ABŞ əsgərlərinin ilk bazası olduğunu deyən Uorren bildirib ki, birlik arxada cəbhədə qalacaq və İŞİD-lə birbaşa müharibəyə girməyəcək: "İlk missiyaları Amerika əsgərlərini qorumaqdır. Orada olan iraqlı təhlükəsizlik qüvvələrini də qoruyacaqlar".
O, Mosulu İŞİD-dən almağa hazırlaşan Mahmurdakı bazada təxminən 100 ABŞ hərbi nümayəndəsinin olduğunu bildirib.
Bundan başqa, o, ABŞ-ın İraqdakı əsgərlərinin sayının 3 min 780 nəfər olduğunu deyib.