Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan rəsmilərinin Ermənistan prezidenti Serj Sarkisyanın səfəri zamanı verdiyi açıqlamalara dair açıqlama yayıb.
Baki-xeber.com xəbər verir ki, nazirliyin sözçüsü Tanju Bilgiç Yunanıstan prezidenti Prokopis Pavlopulos və baş naziri Aleksis Çiprasın Sarkisyanın Yunanıstanın paytaxtı Afinaya rəsmi səfəri çərçivəsində verdiyi açıqlamaları sərt şəkildə tənqid edib.
"Sözügedən açıqlamalar Yunanıstan və Ermənistan arasındakı əlaqələrin və həmrəyliyin türklərə qarşı ortaq bir qərəz və qaralama üzərində qurulduğunu göstərən xəstə təxəyyülün məhsuludur. Türkiyə və türk milləti, hüquqdan kənar, gerçəkləri əks etdirməyən və əsassız tarixi yanaşmanı hər fürsətdə gündəmə gətirənlərə heç bir şəkildə etibar etməyəcək” – deyə Tanju Bilgiç bildirib.
Çipras Sarkisyanla görüşdə "Xalqlarımızın tarixi paraleldir. Məruz qaldıqları çətinlik və təqiblər tarixi, ermənilər və pontus rumlarına qarşı soyqırımların iz buraxdığı bir tarixdir" şəklində bir açıqlama verib.
Sarkisyan da Yunanıstanın 1915 hadisələrinə yanaşması ilə bağlı "bütün bunlar, həmrəylik ruhunun illərdir xalqlarımızı birləşdirdiyini və birləşdirməyə davam edəcəyini göstərir" deyə bildirmişdi.