İraq hökumətinin Kərkük neftini artıq Ceyhan vasitəsilə bazara çıxarmayacağı iddia edilir. Baki-xeber.com xəbər verir ki, bu barədə "Foreks” məlumat yayıb
Xəbərdə bildirilir ki, İraq mərkəzi hökuməti Kərkük bölgəsində çıxarılan neftin artıq Kərkük-Ceyhan neft boru xətti vasitəsilə nəqlinin dayandırılmasına qərar verib.
İraq mərkəzi hökumətinə bağlı Şimal Neftləri şirkətindən bildirilib ki, hökumət, hazırda gündə 165 min barrel səviyyəsində olan istehsalı daxili bazara istiqamətləndirəcək.
165 min barrel neftin 35 min barreli Kərkük neftayırma zavodunda, 45 min barreli isə Bağdaddakı zavodlarda emal olunacaq.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl rəsmi Tehran İraq Kürdüstan rəhbərliyinə bölgə neftini İran vasitəsilə dünya bazarına çıxarmağı təklif etmişdi. İraq hökumətinin son qərarının bununla bağlı olub-olmadığı isə hələlik məlum deyil.