Rusiya Müdafiə Nazirliyi Suriyadakı rus hava bazasında olan bəzi döyüş təyyarələrinin ölkəyə geri dönüşü üçün hazırlıqlara başladığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, nazirliyi açıqlamasında, bazadakı rus əsgərlərinin avadanlıqları yük təyyarələrinə yüklədiyi bildirilir.
Ancaq ilk təyyarələrin bazadan nə vaxt ayrılacağına dair heç bir məlumat verilmir.
Rusiya dövlət televiziyası da hərbçilərin evə dönüş hazırlıqları ilə bağlı görüntülər yayıb. Görüntülərdə Suriyanın Lazkiye şəhərində olan Ximeymim hava bazasında hərbi birliklər avadanlıqları 4 motorlu strateji nəqliyyat təyyarələri Ilyushin Il-76-lara yükləyir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rusiya ordu birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib. Putin bu bərədə müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşdə bildirib.
Putin müdafiə nazirinə, qarşıya qoyulan vəzifələr icra olunduğuna üçün martın 15-dən etibarən Suriyadan rus qoşunlarının geri çəkilməsinə başlanması barədə təlimat verib.
O, Suriyadakı Rusiya hərbi qüvvələrinin sülh prosesi üçün lazımi şəraiti yaratdığını deyib: "Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib. Buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr edirəm”.
Hmeymim hərbi hava hərbi bazası və Tartus hərbi dəniz bazasındakı Rusiya hərbi qüvvələri isə yenə də orada qalacaq və onlar burada atəşkəsə nəzarət edəcək. Putin bildirib ki, bu bazalar qurudan, dənizdən və havadan "möhkəm bir şəkildə” qorunacaq.
Rusiya lider əsgərlərin ölkədən kənarda qarşıdurma bölgəsi ilə ortaq sərhəd olmadan silahlı hərbi əməliyyatlar aparmaq qabiliyyətini sərgilədiyini deyib. O bildirib ki, Rusiya əsgərlərinin dəstəyi ilə Suriya ordusu və Suriyanın vətənpərvər qüvvələri, beynəlxalq terrora qarşı mübarizədə vəziyyəti köklü şəkildə dəyişməyi və az qala bütün istiqamətlərdə üstünlüyü ələ keçirməyi bacardı.
Kremlin sözçüsü Dmitri Peskov Putinin Suriyadakı əsgərlərin geri çəkilməsi mövzusunda Bəşər Əsədi də məlumatlandırdığını bildirib. Telefonda görüşən Putinlə Əsədin atəşkəsin ölkədə tökülən qanın azalmasına yardımçı olması ilə bağlı həmfikir olduqları ifadə edilib.