Terror təşkilatı PKK-nın Şimali İraqla Türkiyə arasındakı neft kəmərlərinə hücumları və buna görə neft nəqlinin dayandırılmasından sonra İranın Bərzani rəhbərliyinə diqqətçəkən təklif göndərməsi ciddi müzakirələrə səbəb olub.
Türkiyə KİV-i yazır ki, İranın son addımlarla İraq kürd bölgəsi neftinin dünya bazarına çıxarılması mərhələsində Türkiyəni bu layihədən kənarlaşdıraq üçün hərəkətə keçməsi diqqətlərdən yayınmır.
Məlumata görə, xüsusilə PKK-nın kəmərlərə hücumlarının ardından İranın Süleymaniyyədəki baş konsulu Saidullah Məsudinin bununla bağlı açıq hərəkətə keçməsi ciddi şübhələrə yol açır.
Baki-xeber.com xəbər verir ki, İranın Süleymaniyyədəki baş konsulu Saidullah Məsudi İran hökumət rəsmilərinin Kürdüstan bölgəsi neftinin İran üzərindən dünya bazarlarına çıxarılması üçün Ərbil rəhbərliyinə təklif verdildiyini bildirib.
Baş konsul bildirib ki, İranın böyük şirkətlərin bu layihəni dəstəkləmək gücü var, bub üçün yalnız layihənin həyata keçirilməsi üçün iki tərəfin də güclü iradəsinə ehtiyac var.
Məsudi bununla bağlı Kürdüstan bölgəsi rəhbərliyinin qərarının gözlənildiyini deyib.
Türkiyə mediası yazır ki, İran Şimali İraqı neftini İran üzərindən satmağa məcbur edir. İranın müasir silah və maliyyə yardımları ilə bəslədiyi iddia edilən PKK tərəfindən neft kəmərləri vurulan Şimali İraq rəhbərliyi ciddi maliyyə problemi ilə üzləşib.
Buna qədər Şimali İraq neftini Türkiyə üzərindən bazara çıxarırdı.