Bu gün Avropa ölkələrinə miqrantlar daha çox Suriya və İraqdan gəlirlər. Trend-in məlumatına görə, bunu Macarıstanın sabiq baş naziri Peter Medeşi bu gün "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumu çərçivəsində "Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu. Birgə fəaliyyətə necə nail olmalı?" mövzusuna həsr edilən panel iclasında çıxışı zamanı deyib.
P.Medeşi bildirib: "Ərəb baharı yetişməmişdi və yerli mədəniyyətlərlə ziddiyyət təşkil edirdi, nəticə isə tarazlığın pozulması kimi meydana çıxmışdı. Miqrasiyaya diqqət yetirmək lazımdır, amma ənənələrə, mədəniyyətlərə hörmət etmək vacibdir".
Sabiq baş nazir deyib ki, müharibələrin olmaması miqrasiya axınına fasilə verə bilər, amma bu da məsələnin tam həlli yolu deyil: "Çünki miqrantlar getdikləri ölkələrdə artırlar, buna görə də bu məsələlər yerlərdə həll edilməlidir".
Moldovanın sabiq prezidenti Petru Luçinski bildirib ki, miqrantlar daha çox, yaşayış şəraiti yaxşı olmayan 50-yə qədər ölkədən cıxırlar: "Əgər bəşəriyyət tədbirlər görməsə, bunun qarşıısnı ala bilmərik. Bunun üçün plan hazırlamaq olar. Miqrasiyanın mənşə ölkələrini müəyyən etmək lazımdır. Beynəlxalq qurumlar bu işlə məşğul olmalıdırlar, çünki heç hir ölkə bunu tam olaraq, öhdəsinə götürməyəcək".
P.Luçinski deyib ki, BMT xalqların təhlükəsizliyi üçün yarandı, onda Təhlükəsizlik Şurasının 5 üzvü tərəfdaş idi, indi isə hər bir ölkənin öz mövqeyi var: "İndi çoxqütblü dünyada yaşayırıq. Ona görə də bunun üçün müəyyən koordinasiya işləri aparılmalıdır".
Tkeşelaşvili: "Regiondakı münaqişələrin həllinin açarı Kremlin dərinliklərində gizlənir”
"Təəssüf ki, regiondakı münaqişələr üçün nikbin nəsə demək mümkün deyil, çünki onların həllinin açarı Kremlin dərinliklərində gizlənir. Hazırda Rusiya tərəfindən bu münaqişələrin həll edilməsi ilə bağlı hər hansı istək nümayiş etdirilmir”. Bunu isə IV Qlobal Bakı Forumunda iştirak edən Gürcüstanın sabiq baş nazir müavini Eka Tkeşelaşvili deyib.
O bildirib ki, münaqişələr Rusiyanın əlində dövlətlərin daxili işlərinə müdaxilədə və həmin ölkələrin azad seçimlərini əllərindən almaqda bir vasitədir: "Gürcüstanda bu məsələ ölkənin NATO-ya qoşulması prosesində tempi azaltmaq formasında özünü göstərdi. Lakin bu prosesin qarşısı alınmayacaq. Konstruktiv tərəfdaş olmaq Rusiya üçün də faydalı olardı. Heç birimiz Rusiya ilə müharibə istəmirik, əksinə, mehriban qonşuluq siyasətinin aparılmasını arzulayırıq”.
E. Tkeşelaşvilinin sözlərinə görə, ərazi bütövlüyü, suverenlik, müstəqilliyə hörmət edilməsi qlobal əhəmiyyəti olan məsələlərdir: "Ərazi bütövlüyü güc tətbiq etməklə pozula bilməz”.
İvo Yosipoviç: "Ölkələr arasında ədalətsiz yanaşmalar siyasi münaqişələrə gətirib çıxarır”
Bu gün Bakıda işini davam etdirən "Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu çərçivəsində Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksandr Likhotalın moderatorluğu ilə "Qeyri-bərabər bölünmüş dünyadan müştərək cəmiyyətə doğru yerdəyişmə: Necə?” adlı panel müzakirələri keçirilib.
Müzakirələrdə iştirak edən BMT baş katibinin keçmiş müavini Noelen Hayzer bildirib ki, dünya hazırda həmişə olduğundan daha zəngindir: "Hazırda daha çox elm, daha çox texnika var. Biz təhlükəsizlik barədə daşınırıq. Lakin ilk növbədə iqtisadi bərabərsizliyə də baxmalıyıq. Dünyada iqtisadi sistem yenilənməlidir. Bizim bölüşmək üçün yeganə planetimiz var. Biz yoxsulluq və iqtisadi bərabərsizliyin aradan qaldırılması üçün iqtisadi sistemlərimiz barədə düşünməliyik".
N.Hayzer verilən sözlərin reallığa çevrilməməsini təəssüflə qeyd edib: "Milyonlarla insan işsizdir, onlar kriminal aləm tərəfindən hər an cəlb olunmağa hazır vəziyyətdədirlər. Hökumətlər bu sahədə müəyyən işlər görməlidir”.
Daha sonra çıxış edən Xorvatiyanın keçmiş Prezidenti İvo Yosipoviç bildirib ki, münaqişələrin əsasını dövlətlərdə mövcud olan qeyri-bərabərlik təşkil edir və bu, bütün regionlara təsir edir: "Ölkələr və cəmiyyətlər arasında ədalətsiz yanaşmalar siyasi problemlərə, siyasi münaqişələrə, hətta inqilablara gətirib çıxarır. Bərabərsizliyin dini, siyasi, iqtisadi təsirləri olur. Nə etməliyik? Bütün dövlətlər, əsasən də güclü olanlar dövlət daxilində sosial ədalətə diqqət etməlidirlər”.
Tanzaniyanın keçmiş Pezidenti Benjamin Mkapa Afrika ölkələrində sosial ədalətsizliyin əsas səbəbi olan cahilliyin, elmsizliyin öhdəsindən dövlət, parlament, media, vətəndaş cəmiyyətinin gələ biləcəyini vurğulayıb: "Sosial bərabərsizliyin əsas səbəbi ölkələr arasında qeyri-bərabərlikdir. Yeni nəsil kimi bir yerə yığışıb yeni cəmiyyət naminə çalışmalıyıq".
Rumıniyanın keçmiş Prezidenti Emil Konstantinesku isə texnikanın insanlara təsirindən söz açaraq qeyd edib ki, əgər texniki inkişaf sürətlə gedirsə, humanitar inkişaf zəif olur: "20-ci əsrin ikinci yarısında azadlıq ən böyük oyun idi. Amma azadlıq bərabərsizlik gətirdi. Bizim dünya hazırda ciddi təzadlar içərisində yaşayır. Biz universal konsensus təşkil etməliyik. Biz bu problemlərin qarşısını almaq üçün hansı real tədbirləri görə bilməyimiz barədə danışmalıyıq. Dözümsüzlüklə qarşılaşmamaq üçün eyni mövqeyə gəlmək bütün xalqların marağındadır”.
Livanın sabiq baş naziri: "İran ərəb dünyasında üstünlüyünü saxlaya bilməyəcək"
"İranda dindən siyasi məqsədlər üçün istifadə olunur". APA-nın məlumatına görə, bunu Livanın sabiq baş naziri Fouad Siniora IV Qlobal Bakı Forumu çərçivəsində keçirilən "İran və Əfqanıstan. Xəzər regionu və Mərkəzi Asiyanın təhlükəsizliyi və inkişafının əsasları. Növbəti region hansıdır?” mövzusunda paneldə deyib.
Onun sözlərinə görə, İranda iki güc var: "Bunun biri Qərblə danışıqlar aparan və iqtisadiyyatı açan tərəfdir. İkinci güc də var. Burada daha çox millətçi cəbhədən söhbət gedir. Yəməndə, İraqda qarşıdurmanı dəstəkləyən də bu gücdür. Bu get-gedə regionda sabitliyin mümkün olmayacağına gətirib çıxaracaq. İranda din siyasi məqsədlər üçün istifadə olunub. Sünni-şiə münaqişəsi fundamental dini münaqişə deyil, regional münaqişədir. Bundan da İran şiələrin ərəblərin üzərində güc tətbiq etməsi məqsədilə istifadə edir. Bu sahədə olan münaqişələr regionda tarazlığı tənzimləyə bilməyib.
İranda keçirilən son seçkilər islahatlara ehtiyac olduğunu göstərdi. Belə getsə, bu güc regionda olan münaqişələri dəstəkləyəcək. Heç bir halda ekstremistlər dəstəklənməməlidir. İran və ərəb ölkələri maliyyə baxımından çətin vəziyyətdədir. İnsanlar pis durumdadır. Bunun Avropaya da təsirini görürük. Bu da böyük miqyasda insanların ağır duruma düşməsinə, radikallaşdırılmasına gətirib çıxarır.
Qərb üçün bu belə davam edə bilməz. İran ərəb dünyasında üstünlüyü saxlaya bilməyəcək. Ərəb dünyası İranın təcrid olunması barədə düşünmür. Sünni və şiələri nə bölür? Onları bölən amil katolik və pravoslavları bölən amillərdən daha zəifdir. Ona görə də belə bölünməyə əsas yoxdur. İran qərbə inteqrasiya etmək istəyir, lakin eyni zamanda özünü Yaxın Şərqdə inqilabi güc kimi aparmağı düşünür. Amma belə mövqe çox davam edə bilməz. İranın ərəb dünyasında inqilabın baş verməsi istiqmətində cəhdələrini davam edə bilməyəcək. İran belə hərəkətlərini davam etsə, bu, deinteqrasiya prosesinin sürətlənməsinə, ekstemist qüvvələrin güclənməsinə, miqrantların sayının artmasına və regionda təhlükəsizliyinin azalmasına səbəb olacaq".
IV Qlobal Bakı Forumunda insan hüquqları və gender məsələlərinə həsr olunmuş panel
Bakıda IV Qlobal Forum çərçivəsində "İnsan hüquqları və gender məsələləri ilə bağlı artan məlumatlılığın qlobal təbliği” mövzusunda panel keçirilib. İclası açan Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko bildirib ki, insan haqları anlaması asan, lakin nail olunması çətin məsələdir. O qeyd edib ki, insan haqlarını bir anlayış kimi müəyyən etmək çətindir.
"İnsan haqları ideyası əsrlər boyu bizə gəlib çatıb. İnsan haqları konsepsiyasında qeyd edildiyi kimi bu haqlar bizə Allah tərəfindən bəxş olunub, eqalitar (bərabər) xarakter daşıyır və sadəcə insan olduğumuz üçün verilib. Çox insan hesab edir ki, insan haqlarına bu cür münasibət hansısa mədəniyyətə əsaslanır və ancaq Qərbdə tətbiq oluna bilər. Lakin insan haqları konsepsiyası 1990-cı ildə İslam aləmi tərəfindən qəbul edilmiş Qahirə bəyannaməsində əksini tapmışdı. Belə ki, sənəddə bütün insanların irqindən, cinsindən, dilindən, dinindən asılı olmayaraq bərabər olduğu vurğulanmışdı”.
K. Yuşşenko qeyd edib ki, bu sahədə çoxlu sayda sənəd qəbul edilməsə də, hələ də problemlər qalmaqdadır.
Belarusun sabiq prezidenti Stanislav Şuşkeviç isə bildirib ki, Belarus qadın hüquqları ilə bağlı sənədlərin hamısını imzalayıb. Onun sözlərinə görə, tarixən Belarusda qadınlara münasibət həmişə yaxşı olub: "Qadınlara hörmət olan, lakin qadınların siyasi həyata qarışmadığı bir ölkədə yaşayıram. Saxta seçkilərdə yalnız bir qadın iştirak edib”.
Kolumbiyanın sabiq prezidenti Andres Pastrananın çıxışı qadınların ictimai-siyasi həyata inteqrasiyası ilə bağlı olub. Madaqaskarın sabiq baş naziri Jan Ömər Beriziki isə ölkəsində qadınların sosial ayrı-seçkiliyə məruz qaldığını, qızların təhsildən yayındıqlarını və erkən nikahlara məcbur edildiyini bildirib.
Liviyanın Avropa İttifaqındakı səfiri Farida Allaghi isə deyib ki, Liviyada inqilabı başlayan elə qadınlar olub.