"Bu gün Azərbaycan inkişaf etmiş dünyaya inteqrasiya edən bir ölkədir. Bir problem var, o da Dağlıq Qarabağ məsələsidir". Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin deyib.
H.Çətin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı olacaq: "Mən bu münaqişənin də sülh yolu ilə həll olunacağına inanıram. Azərbaycan da münaqişənin bu yolla həll olacağını düşünür. Ümid edirəm ki, dünyanın böyük dövlətləri, BMT bu münaqişənin həlli üçün lazımi səy göstərəcəklər".
Türkiyənin sabiq xarici işlər naziri bildirib ki, Azərbaycan dünyada enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir.
H.Çətin bildirib ki, enerji təhlükəsizliyi çox vacib məsələdir: "Enerji bölgələri arasında Yaxın Şərq, Cənubi Amerika da var. Amma ən önəmli yerdə Qafqaz enerji bölgəsi dayanır. Bu gün Xəzər bölgəsində də istehsalçı olaraq ən öndə Azərbaycandır".
"Cənub Qaz Dəhlizi" layihəsi haqqında danışan H.Çətin bildirib ki, bu, çox böyük və önəmli bir layihədir: "Cənub Qaz Dəhlizi" Azərbaycandan başlayaraq Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və bütün Avropaya gedə biləcək təbii qaz layihəsidir. Bu, həm enerji təhlükəsizliyinə töhfə verəcək, həm də enerji mənbələrinin çoxalmasına şərait yaradacaq. Avropa, Türkiyə və digərləri bir mənbədən asılı olmaqdan qurtulacaq. Bunu da Azərbaycan edəcək".
H.Çətin IV Qlobal Bakı Forumunun dünya üçün əhəmiyyətindən də danışıb. O, qeyd edib ki, bu forum Azərbaycanın tək öz ölkəsi, öz problemləri ilə deyil, dünyanın bütün problemləri ilə maraqlandığını və bütün bu problemlərin burada müzakirəsində nə qədər maraqlı olduğunu, dialoqa açıq olduğunu göstərir: "Azərbaycan çox mühüm forumlar təşkil edir və hər dəfə də dünya liderləri Azərbaycana toplaşır".