Bu gün Bakıda keçirilən forumun əsas məsələsi: "Yeni yanaşmalar, o cümlədən yaradıcı yanaşma, dünyanı dəyişə və müasirliyin onun qarşısında qoyduğu çətinlikləri həll edə bilərmi?" Trend-in məlumatına görə, bunu Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa "Çoxqütblü dünyaya doğru" mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Sabiq Prezidentin sözlərinə görə, Bakı ünsiyyət və ideya mübadiləsi üçün uyğun məkandır: "Çünki bizim mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanla sıx əməkdaşlığımız qurulub".
Qeyd edək ki, iki gün davam edəcək tədbirdə qlobal etimadsızlıq və təhlükəsizlik (İŞİD və terrorizm; Suriya, Ukrayna münaqişələri); regional dinamiklik və təhlükələr (İran, Xəzər regionu, Suriya və daha geniş Avropa); iqtisadi amillərin əhəmiyyəti və qeyri-bərabərliyi, Qərbin zəifləməsi və qlobal iqtisadi çətinliklərin ciddi nəticələri; iqlim dəyişikliyi və enerji siyasəti: neft istehsal edən ölkələrin rolu; multikulturalizm, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya kimi mühüm istiqamətlər üzrə müzakirələr aparılacaq.
"Müasir dövrün qlobal çağırışı” adlı açılış sessiyasında bir sıra digər dövlət və hökumət rəhbərləri çıxış edəcək, habelə video-müraciətlər nümayiş etdiriləcək.
Plenar sessiyada və panel iclaslarında dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu ekspertlərin iştirakı ilə gündəlikdə nəzərdə tutulmuş mövzular ətrafında müzakirələr və fikir mübadiləsi aparılacaq.
Forumun işində 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident, 23 sabiq baş nazir və çoxlu sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər iştirak edirlər.