Litva müdafiə naziri Juozas Olekas Rusiyanın təcavüzkar siyasətinə qarşı Türkiyə əsgərlərini ölkəsinə dəvət edib.
Baki-xeber.com xəbər verir ki, Rusiya və Baltik ölkələri arasındakı gərginlik, Suriya böhranı, NATO və Türkiyə mövzusunu Anadolu Agentliyinə şərh edən Olekas Rusiyanın Krımı ilhaq və Ukraynaya qarşı təcavüzkar siyasətinin ardından özlərini daha çox təhdid altında hiss etdiklərini bildirib.
"Rusiyanın təcavüzkar siyasəti bölgədə yeni siyasi vəziyyətə səbəb olub. Biz bir çox dövlətlər kimi müdafiəmizi gücləndirir, hərbi büdcəmizi artırırıq" - deyə nazir bildirib .
Əvvəllər Rusiya ilə yaxşı əlaqələr qurmağa çalışdıqlarını və əməkdaşlıq və birgə layihələr üçün Moskva rəhbərliyilə dialoq içində olduqlarını deyən Olekas, lakin Rusiyanın sonradan təcavüzkar siyasət yürütdüyünü və Kalininqraddaki hərbi gücünü artırmasının bu səyləri çətinləşdirdiyini bildirib: "Bölgəmizdə NATO-nun hərbi varlığının artırılmasının tərəfdarıyıq. Bu, nə qədər tez reallaşsa, o qədər də yaxşı olar. Həmrəylik içində və eyni xəttdə olduğumuzu göstərməliyik. İyul ayında Varşavada keçiriləcək NATO zirvəsində bu mövzuda bir razılaşma əldə ediləcəyinə ümid edirəm".