Ermənistan xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu təhrif edilib. Elə bir təəssürat yarınır ki, sanki E.Nalbədyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur. Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın "Kommersant" qəzetinə müsahibəsini şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib ki, rəsmi Yerevanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli prosesinə guya sadiq olduğunu iddia edən Ermənistan xarici işlər naziri heç vaxt özündə cəsarət tapıb yenilənmiş Madrid prinsiplərinə istinad etmir: "Bu da təsadüfi deyildir. Ermənistan rəsmisinin yaddaşını təzələmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri təqdim olunmuşdur. Münaqişənin mərhələli həlli üzrə yol xəritəsi rolunu oynayan yenilənmiş Madrid Prinsiplərinin 1-ci bəndində işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutulur".