Suriya prezidenti Bəşər Əsəd 2015-ci ilin iyul ayında rejim ordusunun ciddi şəkildə əsgər çatışmazlığı ilə üzləşdiyini açıqlamışdı. O tarixdən sonra rejim ordusu özünə əsgər yığmaq üçün müxtəlif yollara ələ atır.
Baki-xeber.com xəbər verir ki, ötən ayın ortalarında rejim ordusu nəzarətindəki bölgələrdə məmurlardan ibarət yeni bir hərbi birlik qurulmasına başlayıb.
Yerli mənbələrə görə, məmurlara orduya qoşulmaq təklifi göndərilir, onlara 15 gün vaxt verilir. Orduya qoşulmaq təklifini qəbul etmək istəməyənlərin isə işinə son qoyulması ilə təhdid edildikləri bildirilir.
Məmurlar yaşadıqları bölgələri müdafiə edəcək şəkildə bir araya gətirilir. Suriya rejimi bir araya gətirilən məmurları təlim keçmək məqsədilə Humus vilayətinin cənub-qərbində olan Şamsindəki düşərgəyə göndərir.
Hama Media Mərkəzinin məlumatına görə, düşərgədə hazırda 600 məmur təlim keçir. Məmurlar təlimdən sonra dərhal cəbhəyə göndərilir.
"The New Arab”a açıqlama verən mənbələr, məmurlardan yaradılan bu birliklərin döyüşmək üçün sahil xətti, Hələbin şimalı, cənubu və Hama ətrafındakı cəbhələrə göndərildiyini bildirib.