Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Gürcüstanın xarici işlər naziri Mixeil Canalidze ilə görüşüb. Baki-xeber.com xəbər verir ki, görüşdə iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin mehriban qonşuluq zəminində inkişafından məmnunluq ifadə olundu.
Nazir Elmar Məmmədyarov qeyd etdi ki, Azərbaycanla Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq hər iki ölkə xalqlarının maraqlarına xidmət edir və ölkələrimizin rəhbərliyinin göstərdiyi siyasi iradə bu əməkdaşlığa xüsusi töhfə verir.
Nazirlər birgə həyata keçirilən regional layihələrin əhəmiyyətini xüsusi vurğulayaraq, Cənub Qaz Dəhlizinin əsas xətləri olan TAP və TANAP layihələrinin, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsinin regional əməkdaşlığa daha da böyük töhfə verəcəyinə əminlik ifadə etdilər və Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasının yekunlarını yüksək qiymətləndirdilər.
Azərbaycanı Gürcüstanın strateji tərəfdaşı adlandıran Mixeil Canalidze, energetika sahəsində iki ölkə arasında uğurlu əməkdaşlığa misal olaraq Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətini qeyd etdi.
Görüşdə həmçinin, iki ölkə arasında müqavilə-hüquq bazasının hazırkı vəziyyətindən razılıq ifadə olundu və bildirildi ki, Azərbaycanla Gürcüstan arasında bu günə kimi yüzdən artıq sənəd imzalanıb. Delimitasiyası məsələsinə toxunan nazirlər, bu işin uğurla davam etdirildiyini təsdiqlədilər və yaxın vaxtlarda işçi qrupunun növbəti iclasının keçiriləcəyini bəyan etdilər.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesi və Ermənistanın yürütdüyü destruktiv siyasət barədə məlumat verərək, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini regionun inkişafı üçün əsas maneə olduğunu diqqətə çatdırdı.
Hər iki nazir bir daha qarşılıqlı şəkildə təmsil dövlətlərin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə etdilər.
Tərəflər parlamentlərarası əlaqələrin inkişafı, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi yollarını, eyni zamanda qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdilər.
Görüşdən sonra Elmar Məmmədyarov və Mixail Canelidze brifinq keçirib. Azərbaycanın xarici işlər naziri bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığı dərinləşdirməyi planlaşdırır. Nazir bildirib: "Bu gün gürcüstanlı həmkarım ilə strateji tərəfdaşlığın inkişafı və dərinləşdirilməsi perspektivlərini müzakirə etdik".
Onun sözlərinə görə, enerji və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri də müzakirə olunub: "Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində Gürcüstanla əməkdaşlığı yüksək qiymətləndirir. Layihənin reallaşdırılması nəqliyyat sahəsində əməkdaşlığımızı genişləndirəcək".
E.Məmmədyarov qeyd edib ki, tərəflər sərhədlərin delimitasiyası üzrə komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəliblər: "Biz bu sahədə danışıqların davam etdirilməsi üçün gürcüstanlı ekspertləri Bakıya dəvət etdik".
O əlavə edib ki, Azərbaycan və Gürcüstan ölkələr arasında müqavilə-hüquq bazasını genişləndirəcək, ikitərəfli əməkdaşlıq üzrə 10-dan artıq sənədin layihəsi hazırlanma mərhələsindədir.
Öz növbəsində, gürcüstanlı nazir deyib ki, iki ölkəni enerji sahəsində sıx əməkdaşlıq bağlayır: "Bu il Bakı-Supsa layihəsinin reallaşdırılmasının 20 ili tamam olur. Əməkdaşlığımız nəqliyyat sahəsini də əhatə edir. Hər iki ölkə iqtisadi əməkdaşlığın inkişafı üçün sıx əməkdaşlıq edəcək. Gürcüstan, həmçinin gömrük sahəsində əməkdaşlığın inkişafını dəstəkləyir. Ölkələr arasında beynəlxalq müqavilə-hüquq bazasının inkişafına ehtiyac var.
O diqqətə çatdırıb: "Biz beynəlxalq arenada da əməkdaşlığı davam etdirəcəyik. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, ümid edirəm ki, bu mövqe dəyişməyəcək".