Respublikaçılar Partiyası daxilində ixtilaflar üzə çıxıb. Keçmiş Massaçusets qubernatoru və 2012-ci ildə prezidentliyə namizəd olmuş Mitt Romney üzvü olduğu Respublikaçılar Partiyasının ölkə prezidentliyə ən şanslı iddiaçısı Donald Trampı "yıxıb-sürüyüb".
O, Trampı sərt tənqid edərək onu "qeyri-səmimi" və "saxta" adlandırıb.
Respublikaçıların prezidentliyə digər keçmiş namizədi, nüfuzlu senator, Vyetnam müharibəsi qəhrəmanı Con Makkeyn də bu tənqidlərə qoşulub. O deyib ki, Trampın milli təhlükəsizlik barədə bəyanatları "məlumatsız adamın fikirləridir və həqiqətən təhlükəlidir".
Tramp Romneyin tənqidinə cavab olaraq deyib ki, Romney vaxtilə onun yardımına möhtac olmuş birisidir. Prezidentliyə namizəd olan zaman dəstək üçün hətta duz üstə çökməyə də hazır olub. Tramp onu "uğursuz namizəd" adlandırıb.
Romney partiyadaşlarını partiyanın iyulda keçiriləcək Klivlend toplantısında Trampın rəqiblərinə səs verməyə, bununla da onu qələbələrdən məhrum etməyə çağırıb.
Bu arada, partiyadaxili seçkilər də davam edir. Bu çağırışa qoşulanlar Respublikaçılar Partiyasının 15 mart praymerizində Trampın bütün böyük ştatlarda, o cümlədən Florida və Ohayoda qələbəsinin qarşısını almalıdırlar. Bunun üçün seçicilər hər ştatda Trampın ən labüd alternativinə səs verməlidirlər.
Seçki hüquqları üzrə ekspert, respublikaçı Ben Ginsberq deyib ki, əgər Donald Tramp Ohayo və Floridada praymerizi udsa onda onun qarşısını heç kim ala bilməz.
Hazırda Tramp 10 ştatda praymerizlərdə qələbə qazanıb. Onun hazırda 319 nümayəndəsi var ki, bu da digər respublikaçı namizədlərinkindən çoxdur. Beləliklə o, respublikaçıların prezidentliyə namizədi olmaq yarışını udmağa ən çox şansı olan şəxsdir.
Bildirilir ki, bir çox partiya liderlərinin Trampa qarşı çıxmaq istəyi bu vaxta qədər ictimailəşməyib, ancaq Romneyin uğurlu kampaniyası bu hərəkatı açıq hücuma məcbur edib.