Rusiyanın energetika naziri Aleksandr Novak Azərbaycan və Qazaxıstanın da neftçıxarmanı donduracağına ümid etdiklərini bildirib. Baki-xeber.com bu barədə kommersant.ru saytına istinadən xəbər verir.
"Ümid edirik ki, OPEK üzvü olan və olmayan ölkələr – Rusiya, Qazaxıstan, Azəebaycan, yəni neft ixrac edən ölkələr sözügedən qərar ətrafında birləşəcək” – nazir bildirib.
Saytın xəbərinə görə, neft ixrac edən və kartelə daxil olmayan OPEK üzvü bir neçə ölkə 20 mart tarixində Rusiyada bir araya gələcək. Daha öncə Venesuela həmin toplantıda 15 ölkənin iştirakını anons etmişdi, lakin İranın bu sıraya qoşulub-qoşulmayacağı hələlik bəlli deyil.
Rusiyanın Energetika nazirliyindən toplantı xəbərini təsdiqləyiblər, lakin bildiriblər ki, görüşün yeri və vaxtı hələlik dəqiqləşməyib.
Azərbaycan rəsmiləri, hələlik, bu təklifə hər hansı münasibət bildirməyiblər. Ancaq hələ bir müddət əvvəl oxşar müzakirələr gedən vaxt Azərbaycan Energetika nazirinin müavini Natiq Abbasov söyləmişdi ki, neft hasilatını dondurmağı planlaşdırmırlar. Nazir müavini qeyd eləmişdi ki, ümumdünya neft hasilatında Azərbaycanın payı çox cüzidir:.
"Bu, qiymətin formalaşmasına təsir etmir. Buna görə də Azərbaycanda hasilatın dondurulması lazımi effekt verməyəcək”