"ATƏT-in Minsk qrupunun fəaliyyəti illərdir ki, ölü nöqtədən tərpənmir. 20 ildən artıqdır ki, münaqişənin həlli istiqamətində tərpəniş gözə dəymir. Bu isə o deməkdir ki, sözügedən qrupun fəaliyyətində heç vaxt irəliləyiş olmayacaq. Bu qurumun cəhdlərinə inanmayanları dəstəkləyirəm". Bu barədə Dailykarabakh-a eksklüziv açıqlamasında Fransanın sabiq nəqliyyat naziri və Milli Assambleyanın deputatı Tieri Mariani bildirib.
Deputatın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında əlaqələrin və dialoqun təşkilində Minsk qrupunun rolu, üstünlükləri çox azdır: "Ümid tərəflərin - Azərbaycan və Ermənistanın birgə müzakirələr aparmasına qalıb. Şübhəsiz, münaqişənin nizamlanması regionda əlində kart olan və böyük gücə malik bir ölkənin iradəsindən asılıdır. Hər kəs bilir ki, Ermənistan Rusiyanın iqtisadi və siyasi təzyiqləri altındadır. Hesab edirəm ki, həqiqəti gizlətmək olmaz. Əgər Moskva problemi yoluna qoymaq istəyərsə, prosesdə irəliləyiş müşahidə olunar. Burada isə söhbət ilkin olaraq yalnız Qarabağ ətrafı rayonların qaytarılmasından gedə bilər. Qarabağ problemi isə sonrakı gedişatdan asılıdır. Bu, çox mürəkkəb məsələdir. Əlbəttə, ətraf rayonların qaytarılması da bir irəliləyiş olar. Bir sözlə, bütün vasitələr Rusiyanın əlindədir. Bu məsələ yalnız Moskvadan asılıdır".