"Forbes" jurnalı dünya milyarderlərinin illik reytinq cədvəlini dərc edib. "Lukoyl" şirkətinin sahibi, Azərbaycan əsilli biznesmen Vahid Ələkbərov dünya reytinqində 124-cü sırada yer alıb.
Onun varidatı 1 ildə 8,9 milyard dollara enib. V.Ələkbərov son 1 ildə 3,3 milyard dollar itirib.
Rusiya milyarderlərindən ən öndə olan "Novatek" və "Sibur" qaz şirkətlərinin sahibi Leonid Mixelsondur. Mixelsonun varidatı bir ildə 2,7 milyard dollar artaraq 14,4 milyard dollara çatıb. O, siyahıda 60-cı yeri tutur.
Siyahıda ikinci Mixail Fridmandır. O, tərəfdaşları German Xan və Aleksey Kuzmiçovla birlikdə Rusiyanın ən böyük maliyyə və sənaye investisiya qrupu olan "Alfa Group"a nəzarət edir. Bundan başqa o "Tukcell”də də pay sahibidir.
Siyahıda 63-cı yeri tutan Fridmanın varidatı 1,3 milyard dollar azalaraq 13,3 milyard dollara düşüb.
Ardıcıl olaraq bir neçə il "Forbes" jurnalının rusiyalı milyarderlər siyahısında lider olmuş Alişer Usmanov bu il üçüncü olub. "Metalloinvest" holdinqi, "Meqafon" mobil operatoru və "Kommersant" nəşr evinin sahibi olan Usmanovun varidatı bir il ərzində 1,9 milyard dollar azalaraq 12,5 milyarda dollara enib. O dünya milyarderləri siyahısında 73-cü sırada yer alır.
Dördüncü sıranı keçən ilin lideri Vladimir Potanin tutur. Onun sərvəti 3,3 milyard dollar azalaraq 12,1 milyard dollara düşüb.