Körfəz Əməkdaşlıq Şurası Hizbullahı terror təşkilatı elan edib. Baki-xeber.com bildirir ki, bununla bağlı yayılan açıqlamada, Hizbullahın bütün rəhbər şəxsləri, ona bağlı və ondan doğan təşkilatlarla birlikdə terror təşkilatı olduğu elan edilir.
Təşkilatın baş katibi Abdullatif bin Rəşid əz-Zeyani bu qərarın Hizbullahın təcavüzkar hərəkətlərini davam etdirərək, Körfəz ölkələrinin gənclərini öz sıralarına cəlb etməsi, terror hərəkətləri, silah qaçaqçılığı, fitnə və xaos yaratmaq cəhdləri, Körfəz ölkələrinin suverenliyini, təhlükəsizliyini və sabitliyini hədəfə aldığına görə verildiyini bildirib.
Zeyani bildirib ki, Hizbullah yaraqlılarının Suriya, Yəmən və İraqda törətdiyi terror aktları və təxribatlar əxlaqi, hüquqi dəyərlər və qanunlar uyğun gəlmir və ərəb milli təhlükəsizliyini təhdid edir.
Təşkilatın sözügedən hərəkətlərini davam etdirdiyinə görə, Körfəz Əməkdaşlıq Şurası tərəfindən terror təşkilatı kimi tanındığını ifadə edən Zeyani, bu qərarın həyata keçirilməsi üçün beynəlxalq qanunlar çərçivəsində lazımlı addımların atılacağını qeyd etdi.
Körfəz Əməkdaşlıq Şurasına Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daxildir.