Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır. Bunu Trend-ə Milli Məclisin deputatı Rüfət Quliyev deyib. O bildirib: "Avropa Azərbaycanla əməkdaşlıqda maraqlıdır, xüsusilə Rusiya ilə vəziyyəti nəzərə alaraq. Mən qarşılıqlı sanksiyaları, Ukrayna məsələsini və s. nəzərdə tuturam. Əlbəttə, Avropaya qazsız qalmaq çətindir, amma bu məsələdə yalnız Rusiya ilə əməkdaşlıq etmək müəyyən dərəcədə təhlükəlidir. Avropa üçün Azərbaycan qlobal qeyri-sabitlik şəraitində tərəfdaşlar qarşısında öz üzərinə bütün öhdəlikləri götürən və yerinə yetirən, onlara qaz tədarük edə biləcək stabil və etibarlı partnyor kimi maraq kəsb edir.
Deputatın sözlərinə görə, söhbət tək Avropadan getmir, bir çox ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Demək olar ki, bu gün Azərbaycan bütün region, yaxın və uzaq xarici ölkələrlə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Təbii ki, Ermənistandan başqa".
Rüfət Qulievin fikrincə, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri kimi layihələr onu göstərir ki, Azərbaycan hətta dünyanı bürümüş iqtisadi böhran şəraitində, qlobal çağırışlara baxmayaraq müntəzəm surətdə, qətiyyətlə öz siyasətini həyata keçirir və bütün planlarını reallaşdırır: "Azərbaycanın iqtisadi tərəfdaş kimi ən cəlbedici cəhədi onun daimiliyində, dinamizmində və nəzərdə tutulan yoldan çəkilməməyindədir".
"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması nəinki Azərbaycan üçün, eyni zamanda Avropa ölkələri, dünya üçün çox əhəmiyyətlidir. Bunu isə Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq: "Bu, eyni zamanda Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətli bir layihədir”.
Deputat qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Məşrəvət şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun olmasını bir daha təsdiq edir: "Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz qazanıb”.
T.Rzayev əlavə edib ki, bu layihə Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkə iqtisadiyyatına böyük faydalar gətirəcək: "Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən layihədir. Azərbaycan xalqı uzun perspektivdə bu layihədən bəhrələnəcək”.
Deputat vurğulayıb ki, bu layihə eyni zamanda, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir: "Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qaz kəmərlərinin etibarlı mühafizə olunması üçün beynəlxalq aləm regionda sülhün və sabitliyin gücəndirilməsində daha maraqlı olacaq”.
Qeyd edək ki, fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. İclasda "Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak ediblər.