NATO və Rusiya Baltik dənizində toqquşa bilər. Bunu İsveçin müdafiə naziri Mixael Bayden deyib.
Baki-xeber.com xəbər verir ki, Litvada rəsmi səfərdə olan Bayden, Rusiyanın bölgədəki hərəkətləri və buna qarşılıq olaraq NATO-nun gücünü artırmasının müxtəlif hadisələrə səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Bayden Rusiyadan birbaşa hər hansı bir hərbi təhdid hiss etmədiklərini deyib: "İsveç Rusiyanın siyasi hədəflərə çatmaq üçün hərbi gücdən istifadə etmək niyyəti və bölgədə qüvvələrini artırdığı bir mühitdə yaşayır. Digər tərəfdən NATO da gücünü artırır. Baltik dənizi bölgəsində NATO ilə Rusiya orduları arasında qarşıdurma ola bilər".
Baş verə biləcək qarşıdurmanın İsveçə də təsir edəcəyini deyən nazir, Baltik dənizi ətrafındakı digər ölkələrlə birlikdə tədbir görməyə hazır olduqlarını qeyd edib.
Bayden qarşıdurmaların Rusiyanın təhrikedici hərəkətləri üzündən baş verə biləcəyini iddia edib: "Son illərdə Rusiya döyüş təyyarələrinin Baltik dənizi üzərindəki uçuşları çərçivəsində rus təyyarələri İsveçə təhlükəli məsafəyə qədər yaxınlaşır. Bunu qəbul etmək çox çətindir. Niyə belə etdiklərini başa düşmürəm".