Çeçenistan prezidenti Ramzan Kadırov istefa verməsinin vaxtı çatdığını deyir. Fevralın 27-də NTV televiziyasına müsahibəsində Kadırov deyib ki, onun vaxtı keçib.
O, ölkə rəhbərliyinin yerinə başqa birini tapmasının lazım olduğunu deyib: "Doğrusunu desəm mən işimi görürəm və bu günə qədər də müvəffəqiyyətli oldum. Adımın xalqıma qarşı istifadə edilməməsi üçün ölkə rəhbərliyinin başqa birini tapması lazım olduğunu düşünürəm. Komandamızın çoxlu perspektivli adamlar var, çox yaxşı mütəxəssislərimiz var".
Hər insanın bir sərhədi, bir kulminasiya nöqtəsi olduğunu deyən Çeçenistan prezidenti bildirib ki, bu da Kadırov üçün kulminasiya nöqtəsidir.
Kadırov bir neçə gün əvvəl də bu vəzifədə qalmaq istəmədiyini, xəyalının "bir dəstə yaradıb Rusiyanın düşmənləri ilə döyüşmək” olduğunu bildirib.
Kadırovun son müsahibəsi müxalif siyasətçi Nemtsovun qətlinin ildönümünə təsadüf edir.
Bəzi müxalifət nümayəndələri Nemtsovun ölümündə Kadırovun əli olduğunu deyir.
Nemtsovun qətlində şübhəli bilinərək həbs olunan 5 nəfərin hər birinin Çeçenistan və Şimali Qafqazla əlaqəsi var.
Kadırov 2007-ci ildən Çeçenistana rəhbərlik edir və 2011-ci ildə uzadılan 5 illik səlahiyyət müddəti önümüzdəki mart ayında sona çatacaq.