ABŞ dövlət katibi Con Kerri Suriyada həftəsonu başlaması planlanan müvəqqəti atəşkəs işə yaramayacağı və siyasi həll yolunda mühüm addım atılmayacağı halda B planının iş düşəcəyini bildirib. Onun sözlərinə görə bu plana əsasən ölkə bölünəcək.
Baki-xeber.com xəbər verir ki, ABŞ Senatı Xarici Əlaqəlar Komitəsində çıxış edən Kerri bildirib ki, bir az da gözləsək Suriyanın bütövlüyünü qoruya bilməyəcəyik.
İlk dəfə ictimaiyyət qarşısında Suriyanın bölünməsi ehtimalını dilə gətirən Kerri, senatorların bölünmənin necə ola biləcəyinə dair suallarına isə dəqiq bir cavab verməyib.
Kerri bildirib ki, Suriya üçün siyasi keçidi nəzərdə tutan proses müvəffəqiyyətsizliklə nəticələnəcəyi halda, ABŞ Suriyanın parçalanmasını da ehtiva edən daha aqressiv bir mövqe tutacaq: "Əgər ruslar və iranlılar Suriya sülh prosesinin reallaşması mövzusunda ciddi deyillərsə, o zaman bu daha çox fikir ayrılığına səbəb olacaq və məsələni daha da gərginləşdirəcək B planına keçməmiz lazım gələcək".
Suriyanın bölünməsini istəmədiklərini ifadə edən ABŞ dövlət katibi "Əgər addım atmasaq işlər daha da pisə doğru gedə bilər. Rusiyada hazırda bu ehtimal (bölünmə) dəyərləndirilir" - deyə bildirib.