Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə kimi Xocalı faciəsinə lazımi hüquqi və siyasi qiymət verilməyib. Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
Ə.Əhmədov bildirib ki, xüsusilə dözülməz hal budur ki, bu faciənin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş insanlar bu gün Ermənistanda hakimiyyətdədirlər: "Ən xoşagəlməyən hal da ondan ibarətdir ki, terrorizmə qarşı, soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları nəvazişlə qəbul edirlər. Bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən də Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməsiyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əminamanlığı bərqərar etmək, yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Necə ki, bu gün bütün dünyada insanları dəhşətə gətirən faciələr baş verir. Xocalı faciəsi baş verəndə bu faciələr yox idi, ancaq ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri başladı, bu gün dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə, bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti faciələr baş verir, necə ki, biz bunu tarixdə görmüşük. Dünya dövlətləri bu faciələrdən lazımi nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin”.