Rusiyanın Krımı işğal etməsindən öncə, Ukraynada keçirilən bir toplantının sensasiyalı detalları üzə çıxıb. Milli Təhlükəsizlik və Müdafiə Şurasının yayılan protokolları ölkəni qarşıdırıb.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın Krımı işğal etməsindən öncə, Ukraynanın yüksək səviyyəli hökumət və dövlət adamlarının iştirakı ilə keçirilən toplantıda Krım məsələsi müzakirə olunub.
Toplantıda prezidentinin müşaviri Aleksandr Turçinov, baş nazir Arseniy Yatsenyuk, o dövrün müdafiə naziri İqor Tenyux, daxili işlər naziri Arsen Avakov, keçmiş baş nazir Yuliya Timoşenko və başqaları qatılıb.
Məlumatda bildirilir ki, Rusiyanın Krıma müdaxiləsinin qarşısının alınması ilə bağlı keçirilən müzakirədə yalnız Aleksandr Turçinov Krımın hərbi yolla müdafiə olunmasına səs verib, digərləri isə bura qarşı çıxıb.
Krıma Rusiya müdaxiləsinin qarşısının silahlı yolla alınması variantına qarşı ən sərt çıxanlardan biri də o dövrün müdafiə naziri İqor Tenyux olub. Protokollara görə, Tenyux Ukrayna Silahlı Qüvvələrinin həmin dövrdə 142 min şəxsi heyətinin olduğunu, bunların isə yalnız 5 mininin döyüşə yararlı olduğunu bildirib.
Müdafiə naziri Krımda 15 minə yaxın Ukrayna əsgərinin olduğunu, lakin bunların böyük hissəsinin, müddətdən artıq xidmət edən hərbi qulluqçular olduğunu, bir qisminin isə Rusiya tərəfdarı olduğunu bildirib. Krımdakı Ukrayna əsgərləri arasında Ukrayna üçün döyüşə biləcək hərbçilərin sayının isə 1500 - 2 min ətrafında olduğunu qeyd edib.
Protokolun yayılmasından sonra, yığıncaqda iştirak edənlərdən biri keçmiş baş nazir Timoşenko toplatının protokolunun mətbuatda yayılmasını cinayət adlandırıb. O, bunun arxasında prezident administrasiyasının durduğunu və protokolların mediaya sızdırılmasının qisasçılıq olduğunu deyib.