Rusiya Suriyanın ardından Riyad və Tehran arasında qarşıdurma meydanına çevrilən Yəmənə girməyə hazırlaşır. Baki-xeber.com xəbər verir ki, bu barədə məlumat yayan Türkiyənin "Yeni Şafak” qəzeti yazır ki, İran dini lideri Xamneyinin məsləhətçisi Əli Əkbər Vəlayəti Rusiyanın dəstəyi ilə Yəmənə müdaxilə edəcəklərini bəyan edib. Məlumatda bildirilir ki, iki ölkənin hədəfində Livan da var.
Əli Əkbər Vəlayəti Rusiya ilə əməkdaşlığa davam edəcəklərini və Yəmənə də Rusiyanın dəstəyi ilə müdaxilə edəcəklərini bildirib. O, bildirib ki, İranla Rusiya arasında əvvəllər görülməmiş bir əməkdaşlıq mövcuddur: "Bu əməkdaşlıq yalnız Suriya ilə məhdudlaşmayacaq, İraq, Livan və Yəməndə də davam edəcək”.
Vəlayəti Rusiyanın Əsədi qorumaq üçün keçirdiyi hava hücumlarını da müdafiə edib. O, jurnalistlərin "İran, Rusiya, Suriya və Hizbullah arasında ittifaq yaradılmasının mümkün olub-olmadığı” sualına "İran regional məsələlərdə Rusiya ilə strateji əməkdaşlıq edir. Belə bir ittifaqın yaradılması üçün lazım olan əsas şərtlər hazırlanıb” - deyə cavab verib.
Rəsmi Riyad Tehranı Yəməndə üsyançı Husilərə silah, pul və döyüşçü dəstəyi verməkdə suçlayır. Bir müddət əvvəl Səudiyyə Ərəbistanı liderliyindəki Körfəz ölkələrindən ibarət koalisiya qüvvələri Yəmən prezidenti Abdurabbu Mənsur Hadinin İranın dəstəklədiyi şiə Ensarullah Hərəkatının (Husilər) ölkəsindəki irəliləyişinin dayandırılması üçün etdiyi çağırışdan sonra əməliyyatlara başlayıb.
Ekspertlərin fikrincə, Suriyada Əsədin yanında döyüşən Rusiya qüvvələrinin Yəməndə İranın dəstəklədiyi Husilərin yanında yer alması, burada da Suriyadakı bənzər bir vəziyyətin yaranmasına səbəb olacaq.
İran və Hizbullahın hərbi dəstəyinə baxmayaraq mövqelərini itirən Əsəd, ötən il sentyabrın 30-dan davam edən Rusiya hava hücumları və hərbi dəstəyi ilə üstünlüyü ələ ala bilib.
Yəməndə də Səudiyyə Ərəbistanı liderliyindəki beynəlxalq koalisiyanın dəstəyini alan prezidenti Hadiyə qarşı döyüşən şiə Husilərin, ola biləcək Rusiya müdaxiləsilə üstünlük qazanmaq ehtimalı böyükdür.
Ancaq qeyd edildiyi kimi, Moskva rəhbərliyinin Suriyada Əsəd rejiminə verdiyi dəstəkdən sonra Yəməndə də İranla əməkdaşlıq etməsi Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsinə bənzər bir ssenarinin yaşanmasına səbəb olacaq.
Rusların müdaxilə hazırlığında olduğu bildirilən Yəməndə Husilərlə mərkəzi hökumət arasında qarşıdurmalar davam edir. Suriyadakı vətəndaş müharibəsinin ardından, bölgədə İran və Səudiyyə Ərəbistanının da qarşı-qarşıya gəlməsilə ilə məzhəb müharibəsinin başlaya biləcəyi ehtimal edilən Yəməndəki böhranın Körfəz ölkələrinə də sıçraya biləcəyi barədə fikirlər səsləndirilir.
Türkiyəli ekspert Mahir Nakip İranın Husilərə dəstəyinin gizli olmadığını, ancaq bu ölkənin Yəmənə qanuni yolla girməsinin mümkün olmadığının bildirir. Rusiyanın hazırda Suriyadakı mövqeyi ilə Səudiyyə Ərəbistanının Yəməndəki mövqeyinin eyni olduğunu deyən ekspertin fikrincə İran Körfəzdə hər hansı bir müdaxilə olarsa əvvəl Bəhreyndən başlayar: "İranın Yəmənə girməsinə coğrafi olaraq imkan var. Bu cür bir addım müharibənin bölgəyə yayılmasına səbəb ola bilər.
Məncə İran, Körfəzdə hər hansı bir müdaxilə qərarı versə əvvəl Bəhreyndən başlayır. Çünki Bəhreyndə əhalinin 75 faizi şiədir. Onlar ayağa qalxsalar Körfəz ölkələrində çox ciddi problemlər yarada bilərlər. Bu ehtimal məncə bir az zəif görünür.
Bölgədə Rusiya faktorunu də unutmamaq lazımdır. Sovetlər dövründə Yəmənlə əlaqəsi olan bir ölkədir. Məhəmməd Saleh də Sovetlər Birliyi dövründə bu ölkə ilə çox ciddi təmaslarda olan bir dövlət adamıdır. Hazırda da o, Səudiyyə Ərəbistanına qarşı mövqedə dayanıb”.