ABŞ və Rusiya Suriyada atəşkəslə bağlı razılığa gəlib. Baki-xeber.com- xəbər verir ki, razılaşmaya görə fevralın 27-si gecə yarısından etibarən atəşkəs qüvvəyə minəcək. Bundan başqa, Suriyada döyüşən qruplardan atəşkəs razılaşmasına qatılmaq istəyənlər də fevralın 26-sı günortaya qədər qərarlarını açıqlayacaqlar.
ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov bununla bağlı razılığa gəlib. "Düşmən münasibətə son qoyulması” kimi adlandırılan qərar fevralın 27-dən qüvvəyə minəcək.
Qərar İŞİD və Nusra Cəbhəsini ya da Birləşmiş Millətlər tərəfindən "terrorçu” kimi xarakterizə edilən digər təşkilatlara aid edilmir.
"Al Jazeera”nin əldə etdiyi məlumata görə, ABŞ və Rusiya razılığa qatılan qrupların biri digərinin hücumuna məruz qalmaması üçün lazımlı məlumatların paylaşması və əməkdaşlığı təmin etmək öhdəliyini qəbul edib.
Suriyalı müxaliflərin Yüksək Müzakirə Komitəsinin koordinatoru Riyad Hicab isə, atəşkəs razılaşmasına beynəlxalq zəmanət verildiyini bildirib.
Kerrinin ofisindən verilən açıqlamada, razılaşmanın həm qarşıdurmanın azalması, həm də humanitar yardımların çatdırılması üçün bir fürsət olduğu bildirilir. Bütün tərəfləri qərara uyğun hərəkət etməyə çağıran Kerri diplomatik razılaşmada əməyi olan bütün ölkələrə təşəkkür edib.
Diplomatlar, atəşkəs qərarının tətbiq edilməsindən sonra bir həftə ərzində Cenevrə danışıqlarının yenidən başlamasını ümid etdiklərini bildiriblər.
Niyə atəşkəs yox "Düşmən münasibətə son qoyulması”
Atəşkəs yerinə niyə "Düşmən münasibətə son qoyulması” kimi termindən istifadə edilməsinə gəlincə, Kerri bunun bəzi ölkələrlə bu mövzuda fikir ayrılıqları oduğuna görə, bu termini istifadə etdiklərini deyib.
Digər tərəfdən, ABŞ, Rusiya, İran, Səudiyyə Ərəbistanı və Türkiyə eləcə də Ərəb Liqası kimi təşkilatların da qatıldığı Beynəlxalq Suriya Dəstək Qrupu (USDG) fevralın 12-də Münhen konfransında Suriya ilə bağlı iki əhəmiyyətli qərar verdi; mühasirə altındakı bölgələrə və təcili ehtiyac duyulan yerlərə humanitar yardımların çatdırılması və düşmən münasibətlərə son qoyulması.
Münhen sənədi hər nə qədər atəşkəsi nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının qərarlarına əsaslansa da, atəşkəs demək yerinə, "düşmən münasibətə son qoyulması” terminini istifadə etdi.
Kerri açıqlamasında razılaşdırılmayan bir neçə problemin olduğunu, bu problemlərin də önümüzdəki günlərdə ABŞ prezidenti Barak Obama və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında müzakirə ediləcəyini açıqlayıb. Kerriə görə, bu görüşdən sonra "düşmən münasibətlərə” son qoyula bilər.
Ancaq Kerrinin dediyi "düşmən münasibətə son qoyulması” atəşkəs mənasına gəlmir. Bu silahların susacağı mənasına da gəlmir. Qərbdə Rusiyaya qarşı güvənsizlik, rejimin mövqeyi və müxaliflərin bundan sonrakı davranışları razılaşmanın həqiqətən də qüvvəyə minib-minməyəcəyində əsas rol oynayacaq.
Müxaliflərin qulaqardına vurulan şərtləri
20 fevralda İstanbulda toplanan suriyalı müxaliflər atəşkəs müqaviləsini üç şərtlə qəbul edəcəklərini açıqlamışdı: Rusiya dəstəkli rejim qüvvələrinin bombardmanı dayandıracağına dair beynəlxalq zəmanət, humanitar yardım koridorlarının açılması və rejim həbsxanalarındakı əsirlərin sərbəst buraxılması.
Ancaq müxalifləri düşündürən başqa bir məsələ Rusiyanın bu günə qədər hücumlarında Nusra Cəbhəsi və İŞİD bəhanəsilə onlara hücum etməsidir. Müxaliflərin bir qisimi bu səbəblə Nusra Cəbhəsinin də bu razılaşmaya qatılmasını istəyir. Ancaq son razılaşmalarda bunların heç birinin nəzərə alınmadığı görünür.
Moskva Vaşinqtonun "Əl Qaidəni vurmayın” təklifini rədd edir
"Reuters”ə açıqlama verən sülh danışıqlarına yaxın bir mənbə də müxalifətin atəşkəs üçün, rejim və müttəfiqlərinin Əl Nusranı hədəfə almamasını şərtini irəli sürdüyünü bildirir.
Qərb tərəfindən "mülayim" kimi tanınan bəzi müxalif qrupların başda İdlib olmaqla bəzi cəbhələrdə Əl Nusra ilə eyni mövqedə olduqları bilinsə də, bu vəziyyət Qərb ölkələri tərəfindən dilə gətirilmirdi. Ancaq "Reuters”ə açıqlama verən mənbə müxalifətin Əl Nusra mövzusundakı israrının artıq "otaqdakı fil” kimi görülmədiyini bildirib.
"Washington Post” qəzetinə görə isə, ABŞ rəhbərliyi terror təşkilatları mövzusunda razılaşma əldə edilənə qədər Əl Nusra Cəbhəsinin vurulmamasını təklif edib. Ancaq Rusiya bu təklifi rədd edib: "Görüşlərdə əsas problemlərdən biri, hansı qrupların terror təşkilatı olması ilə bağlıdır. Xüsusilə Suriyanın şimal qərbində Türkiyə sərhədi yaxınlığında mülayim üsyançı qruplarla bir-birinə qarışan Əl Nusra Cəbhəsi ciddi müzakirə mövzusuna çevrilib".
11 Sentyabr 2001-ci ildə ABŞ-da Dünya Ticarət Mərkəzi və Müdafiə Nazirliyinə hücum edən Əl-Qaidə Corc Buşun vaxtından "ABŞ-ın baş düşməni" kimi tanınır.
Amerikalı professoru Maks Abrahms isə Buşun Əl Qaidəyə qarşı müharibə elan edərkən dünya ölkələrinə xitabən "Ya bizimləsiniz ya onlarla" sözlərini xatırladaraq "Putindən Suriyada Əl Qaidəni vurmamasını istəyəcək nöqtəyə gəldik" deyə bildirir..
Rusiya dayanacaqmı?
Münhen Sənədində İŞİD, Nusra Cəbhəsi və BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu elan edilən digər qruplara qarşı əməliyyatların davam edəcəyi açıq qeyd edilir. Rusiya bu günə qədər, xüsusilə Hələb və ətrafında keçirdiyi əməliyyatlarda bu qrupları hədəfə aldığını iddia edir. Ancaq gələn məlumatlara görə, suriyalı müxalif silahlı qruplar bombalanır. İstisna edilmir ki, razılaşma qüvvəyə mindikdən sonra da Rusiya bombardmanı dayanmayacaq.
Əsədin mövqeyi bəlli deyil
Bəşər Əsəd isə bir müddət əvvəl müxaliflər atəşkəs müddətində güc toplamağa cəhd etməyəcəyi halda döyüşə ara verməyə hazır olduqlarını bildirmişdi. O, müxaliflərə Türkiyədən dəstəyin kəsilməsini də istəmişdi.
Bundan əvvəl isə Əsədin nümayəndələri bildirmişdi ki, "Qərb yalnız yarqlılar itki verməyə başlayanda atəşkəsdən danışmağa başlayır. Atəşkəs yalnız ordular və ya dövlətlər arasında olur. Terrorçularla dövlətlər arasında deyil".
Bütün bunlar Suriyada razılaşmalara baxmayaraq, silahların susmayacağını deməyə əsas verir
Razılaşma pozulacağı halda isə hər hansı bir tərəfə sanksiya tətbiq olunması mexanizmi nəzərdə tutulmur, yalnız diplomatik təzyiq etmək yolu açıq qalır.