Suriya prezidenti Bəşər Əsəd bir neçə şərtlə atəşkəsə hazır olduğunu bildirib. Bu haqda Dəməşqin rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, atəşkəs dövründə ayrı-ayrı dövlətlərdən, xüsusilə Türkiyədən gələn yaraqlıların və göndərilən silahların qarşısı alınmalıdır, onlar gücləndirilməməlidir.
Əsəd atəşkəsdən istifadə edərək terrorçuların mövqelərinin möhkəmləndirilməsinin də yolverilməz olduğunu bildirib.
Suriya prezidenti hökumət qüvvələrinin Hələbdə nəzarəti tam ələ almağa yaxın olduğunu qeyd edib. Ordunun İŞİD-in qalası Rakkaya doğru irəliləyişini davam etdirdiyini də vurğulayan Bəşər Əsəd, ölkədə nəzarəti tam ələ keçirdikdən sonra milli birlik hökuməti quracaqlarını vurğulayıb.
Suriya prezidenti terrorçularla mübarizədə Rusiya və İranın dəstəyini də alqışlayıb.
Bu arada, ABŞ dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyada atəşkəslə bağlı ilkin razılığa gəliblər. Bu haqda Kerri Əmmanda İordaniyanın xarici işlər naziri Nasser Judeh ilə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Kerri deyib ki, atəşkəs rejimi yaxın günlərdən qüvvəyə minə bilər.
ABŞ dövlət katibi onu da deyib ki, Barak Obama və Vladimir Putinin növbəti günlərdə bununla bağlı söhbət edə bilərlər.