Ötən gün Ankarada baş vermiş terror aktı nəticəsində 20 yüksək rütbəli hərbçi və 8 vətəndaş həlak olub. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu gün Türkiyədə terror aktında əli olan 14 nəfər saxlanılıb: "Müəyyən edilib ki, terrorçunun partlayışdan əvvəl ölkə daxilində və ondan kənarda təmasları olub".
Baş nazir Əhməd Davudoğlu isə terror aktını hansı qüvvənin törətdiyini açıqlayıb. APA-nın xəbərinə görə, Silahlı Qüvvələrin Baş Qərargahını ziyarət edən Ə. Davudoğlu terroru Suriyadakı kürd terror qruplaşması PYD-nin və onun silahlı qanadı YPG-nin üzvü, Haseke bölgəsindən olan Salih Necar adlı şəxsin törətdiyini bildirib. Baş nazir deyib ki, S. Necara Türkiyə daxilindəki PKK-çılar kömək edib. Ə. Davudoğlu bütün terrorçuların yaxalanaraq cəzalandırılacağını söyləyib. O, artıq bu işlə əlaqədar 9 nəfərin yaxalandığını açıqlayıb.
Ə. Davudoğlu PYD və onun silahlı qolu YPG-nin terror təşkilatı olması ilə bağlı sübutları başqa dövlətlərə təqdim edəcəklərini və onlardan konkret mövqe tələb edəcəklərini vurğulayıb.
Partlayışı törədən kürd əsilli, PKK terror təşkilatının Suriya qanadı olan PYD/YPG birləşməsinin üzvü S. Necarın 1992-ci il təvəllüdlü olduğu deyilir.
Hadisə yerindən onun parçalanmış meyiti tapılıb. Suriyalı qaçqınlarla birlikdə Türkiyəyə ötən ilin iyulunda gələn terrorçu ilə əlaqədə olduğu bildirilən şəxslər də saxlanılıb.
Terror aktından sonra Türkiyə Hava Qüvvələrinə məxsus hərbi təyyarələr İraqın şimalında PKK-ya qarşı əməliyyat keçirib. Məlumata görə, Türkiyə hərbi təyyarələri İraqın şimalındakı Haftanin bölgəsindəki PKK mövqelərini bombalayıb. Əməliyyatda aralarında terror təşkilatının rəhbərliyinə daxil olan şəxslərin də olduğu 60-70 nəfərlik qrupun hədəf alındığı bildirilir.
Rusiya da Ankarada baş verən terror aktına münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən bəyanatda fevralın 17-də Ankarada baş verən terror aktında həlak olanlarla bağlı Türkiyə xalqına başsağlığı verilib.
"Terror aktında həlak olanların qohumlarına və yaxınlarına dərin hüznlə baş sağlığı veririk. Bu vəhşi aksiyada yaralananların tez bir zamanda sağalmasını arzu edirik. Barbar cinayətə haqq qazandırmaq olmaz. Onun təşkilatçıları və təhrikçiləri baş verənlərə görə cavab verməlidir. Baş verənlər bir daha göstərir ki, beynəlxalq terrorçuluğa qarşı mübarizədə bütün dövlətlərin birliyi vacibdir”, - deyə Rusiya XİN-in bəyanatında qeyd olunub.
Qeyd edək ki, fevralın 17-də Ankarada güclü partlayış baş verib. Partlayış İnönü bulvarının yaxınlığında – Mərasim və Dikmən küçələrinin kəsişməsində baş verib. Hadisə nəticəsində 28 nəfər həlak olub, 61 nəfər isə yaralanıb. Partlayış avtomobildə partlayıcı qurğunun yerləşdirilməsi nəticəsində baş verib.
Partlayışın baş verdiyi bölgə Ankaranın ən kritik və strateji nöqtələrindən biridir... Terror üçün məhz bu bölgənin seçilməsi də təsadüfü deyil. Çünki bölgədə Baş Qərargah, Hərbi Hava Qüvvələri Komandanlığı, eləcə də hərbi yataqxanalar yerləşir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hadisənin baş verdiyi ərazidən təxminən 200 metr məsafədə yerləşir. Türkiyə Böyük Millət Məclisi də ərazidən 500 metr məsafədə yerləşir.
İlk məlumatlara görə, 2 xidməti avtomobil yanaraq tamamilə yararsız vəziyyətə düşüb. Sözügedən avtomobillərinin Hərbi Hava Qüvvələrinə aid olduğu və burada çalışan hərbçilərlə mülki işçiləri daşıdığı bildirilir.