Azərbaycan Türkiyədə baş vermiş terror aktlarına görə dərin başsağlığını verir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra jurnalistlərə deyib. O bildirib: "Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydındır, biz terrorçuluğu onun bütün təzahürlərində qınayırıq".
XİN rəhbəri əlavə edib ki, terror aktlı nəticəsində xəsarət almış azərbaycanlı vətəndaşlar barədə hazırda məlumat yoxdur.
O diqqətə çatdırıb ki, terrorçuluqla mübarizə məsələsi çox vacibdir və hazırda Azərbaycanın Suriyada antiterror İslam koalisiyasında iştirakı məsələsi müzakirə mərhələsindədir: "Bu məsələ ilə bağlı qərar qəbul edilməyib".
E. Məmmədyarov vurğulayıb: "Biz regional və ikitərəfli münasibətləri, ölkələrimiz arasında mövcud olan strateji münasibətləti müzakirə etdik".
Onun sözlərinə görə, tərəflər enerji əlaqələrini və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tikinti layihəsini müzakirə ediblər: "Biz inanırıq ki, BTQ bu ilin sonuna istismara veriləcək.
Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə Ankaradakı terror aktını qınayır və Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edir. Onun sözlərinə görə, Türkiyə terrorçular arasında fərq qoymur.
XİN rəhbəri qeyd edib ki, terror aktına görə təxirə salınmış Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tutacaq: "Biz bu hücumları araşdrımağa və onların arxasında dayananların şəxsiyyətini müəyyənləşdirməyə davam edirik, heç kəs Türkiyəni yolundan ayıra bilməz".
M.Çavuşoğlu əlavə edib ki, Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var və Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləyir.