Türkiyə və Səudiyyə Ərəbistanının hərbi hava qüvvələri bazar ertəsi birgə təlimlərə başlayıb. "Interfax" xəbər verir ki, Türkiyənin mərkəzi hissəsində yerləşən Konya əyaləti üzərində keçirilən təlimlər beş gün davam edəcək. Təlimlərdə Səudiyyə Ərəbistanının F-15 tipli altı təyyarəsi iştirak edir.
Bir müddət əvvəl KİV-lər Türkiyənin İncirlik hava bazasına Səudiyyə Ərəbistanının 20 döyüş təyyarəsinin daxil olduğu barədə xəbər yaymışdı.
Ərəbistanlı briqada generalı Ahmad al-Asiri bəyan edib ki, təyyarələr tezliklə Suriyada "İslam dövlətinə" (İD) qarşı əməliyyatlarda iştirak edəcək.
Adı çəkilməyən Türkiyə rəsmisi isə bildirib ki, Türkiyə beynəlxalq müttəfiqləri ilə birlikdə Suriyada quru əməliyyatlarına başlanmasını istəyir. Onun sözlərinə görə, Türkiyə Suriyaya təkbaşına müdaxilə etməyəcək: ”Burda konsensus lazımdır, amma bizim mövqeimiz budur ki, qurudan müdaxilə olmadan Suriyada müharibəni dayandırmaq mümkün deyil”.
Suriyanın Rusiyadakı səfiri Riyad Haddad isə bildirib ki, Səudiyyə Ərəbistanı və digər ölkələrin Suriyada quru əməliyyatlarına başlamaq istədikləri barədə gündəlik bəyanatları əslində "onların terrorizmi xilas etmək üçün Suriya işlərinə qarışmaq istədiklərindən" xəbər verir.
Səfir əlavə edib ki, Səudiyyə Ərəbistanının Suriyada yerüstü əməliyyata başlayacağı təqdirdə Dəməşq öz suverenliyini müdafiə edəcək.
Hazırda Əsəd rejiminin tərəfində İran hərbi müşavirləri çalışır. Eləcə də Rusiya hərbi təyyarələri həm terrorçulara, həm də hakim rejimə qarşı müxalifətdə olan qüvvələrə zərbələr endirir.
Qeyd edək ki, Suriya ordusu Rusiya təyyarələrinin dəstəyi ilə Türkiyə sərhədinə doğru yaxınlaşır.
Bundan başqa Suriyadakı kürd qrupları sərhəd boyu iştirakını genişləndirməyə başlayıb.