Rusiyanın Suriyada keçirdiyi əməliyyatlarla bağlı yeni iddialar ortaya atılıb. İddialara görə, Rusiya Avropada qaçqın böhranını daha da dərinləşdirmək üçün Suriyada mülki vətəndaşları hədəf alır.
"Financial Times” qəzeti yazır ki, Qərb Suriya müharibəsində Moskvanı qaçqınlardan silah kimi istifadə etməklə günahlandırır. Suriyada bilərəkdən mülki vətəndaşları vurmaqla birbaşa Avropada qaçqın böhranını dərinləşdirməyi hədəf alır.
"Amerikalı senator Con Makkeyn Münhendəki təhlükəsizlik konfransında Rusiyanın strategiyasının mərkəzində qaçqın böhranını artırmaq olduğunu və bundan silah kimi istifadə edərək Avropanı hədəf aldığını bildirib. Makkeynin bu açıqlamasını Avropalı kəşfiyyatçılar da dəstəkləyir. Avropalı səlahiyyətlilərə görə, Moskva siyasi üstünlüyü təmin etmək üçün qaçqın böhranını silah kimi istifadə edir: "Çörək sexləri və xəstəxana kimi yerlər hədəf alınaraq yerli xalqın evlərini tərk etməsi, Türkiyə və Avropaya mühacir axınının artması hədəflənir".
Qəzet yazır ki, Beynəlxalq Suriyaya Dəstək Qrupu tərəfindən razılaşdırılan atəşkəsin cümə günü başlaması planlaşdırılır: "Ancaq buna qədər Moskva hava əməliyyatları ilə tarazlığı Bəşər Əsəd rejiminin lehinə dəyişdirdi, Suriyanın şimalında Vaşinqtonun dəstəklədiyi bir çox mülayim müxalif qruplar isə təslim olma nöqtəsinə gəldi".
Senator Makkeyn bildirir ki, bu, diplomatiyanın hərbi təcavüzkarlıq üçün bir vasitəyə çevrilməsidir: "Bu strategiya işə yarayır, çünki biz icazə veririk. Putinin işini bitirdikdən sonra fəaliyyətlərini dayandırılmasını (atəşkəs) qəbul etməsi təsadüf deyil. Bu filmi Ukraynada da gördük".